Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun APA-ya müsahibəsi
- Rusiya Prezidenti Vladimir Putin dünən bildirib ki, əvvəlki danışıqlarda Rusiyanın təklifinə əsasən, Laçın, Kəlbəcər və keçmiş Dağlıq Qarabağın yurisdiksiyası Ermənistanda qalır, digər 5 rayon Azərbaycana qaytarılırdı. Bu açıqlama nə dərəcədə həqiqəti əks etdirir?
- ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 1996-cı ildən başlayaraq irəli sürdüyü təkliflər elə bu mahiyyətdə idi. Bu, tək Rusiyanın təklifi deyildi. Yəni, Putinin dediyi kimi, mərhələli variantda bir neçə rayonun azad edilməsi, sonrakı mərhələdə Laçın və Kəlbəcər rayonları və Qarabağ məsələsi həll olunmalı idi. Əslində, Putinin təzə nəsə deməyib. Heydər Əliyevin Milli Məclisdə müzakirəyə çıxardığı təkliflərdə də bununla bağlı məqamlar yer almışdı. Madrid prinsiplərinin də əsas elementləri bundan ibarət idi ki, işğal olunmuş rayonların bir qismi öncə azad edilirdi. Bizə saziş yox, hər dəfə gələcək sazişin əsas elementləri tezis şəkilində təklif olunurdu. Azərbaycan da, Ermənistan da bu təkliflərin bir qismini qəbul edir, digər qismini qəbul etmirdi. Bu vəziyyət 30 ilə, yəni 2020-ci ilə qədər davam etdi. 30 il ərzində həmsədrlər tərəflərə hər hansı saziş təklif etməyib. 1997-ci ilə qədər müzakirə olunan yeganə saziş Rusiyanın təklif etdiyi saziş olub, o sazişin də müzakirəsi heç bir nəticə verməyib.
Putinin dediklərindən elə nəticə hasil olur ki, guya Ermənistan 5 rayonun qaytarılması, Kəlbəcər və Laçının məsələsinin, Qarabağın statusunun sonrakı mərhələyə saxlanılması təklifini qəbul etmirdi, Azərbaycan qəbul edirdi. Bu isə yanlış təəssüratdır. Məhz Azərbaycan tərəfi bunu qəbul etmirdi. Mən bunu tam məsuliyyətlə deyirəm. Çünki həmin təkliflər irəli sürülən zaman mən Prezident Heydər Əliyevin bu məsələlər üzrə xüsusi nümayəndəsi idim, bu məsələlərdən xəbərim var.
Kazan təkliflərinə də toxunmaq istəyirəm. Bu, cəmiyyət üçün açıqlanmayıb. Ancaq o təkliflərdə də təzə nəsə ola bilməzdi. Ümumiyyətlə, Minsk qrupunun təklifləri də öncə 5 rayonun azad edilməsi, sonra digər rayonlar məsələsini əhatə edirdi. Ancaq Azərbaycan bu təkliflərə razılıq vermirdi. Azərbaycan bu tezisləri əsas kimi qəbul edirdi, lakin sonra həmsədrlər tərəfindən tərtib olunan sazişdə bizi qane etməyən hissələrə Azərbaycan öz mövqeyini bildirəcəkdi. Ermənilərin mövqeləri isə işğal olunmuş rayonların bir hissəsini Qarabağın müstəqilliyi müqabilində azad edilməsini ehtiva edirdi. Azərbaycan Ermənistanın bu konsepsiyasını və bu konsepsiyanın əsasında duran əvvəl 5 rayon, sonra 2 rayonun azad edilməsi təklifini qəbul etməyib. Ermənistan sonradan isə belə mövqe ortaya qoydu ki, heç bir ərazini azad etmir, de-fakto həmin ərazilər Ermənistana birləşib, onlara danışıqlar lazım deyil. Putinin iradları Ermənistanım məhz bu sonrakı mövqeyi ilə bağlıdır.
- Ancaq Putin təkliflərin Laçın, Kəlbəcər və keçmiş Dağlıq Qarabağın yurisdiksiyası Ermənistanda qalmasını əhatə etdiyini bildirib. Təkliflərdə belə məqam olub?
- Putin müvəqqəti yurisdiksiyadan danışır. Putin bir az hüquqi baxımdan məsələni etibarlı göstərmək üçün bu termindən istifadə edilib. Rusiya Prezidentinin açıqlamasının mahiyyəti isə odur ki, bu məsələlərdə Ermənistan özü günahkardır. Digər tərəfdən, nədənsə Putin demir ki, bu təkliflər Minsk qrupunun üç həmsədr ölkəsi tərəfindən təklif olunurdu. Həmsədrlər eyni mövqedən çıxış edirdi. Hətta Minsk qrupunun həmsədri olan ölkələrin dövlət başçıları bu yöndə bəyanatlar verirdilər və bildirirdilər ki, onların müştərək mövqeyidir.