Xalq yazıçısı Çingiz Abdullayev bir müddətdir ki, gündəmdən düşmür. Yazarın istər şifahi, istərsə də yazılı çıxışlarında Azərbaycan dilinin normalarına əməl etməməsi onu tez-tez tənqid hədəfinə çevirir. Bəzən kobud sayıla biləcək sözləri onu təkrar-təkrar müzakirələrin mərkəzinə çəkməkdə davam edir. Məsələ ilə bağlı Yenisabah.az-a danışan qocaman yazıçı Əkrəm Əylisli bildirib ki, Ç.Abdullayevə qarşı olan hücumlar təkcə Azərbaycan dilində səlis danışa bilmədiyinə görə deyil:
"Rus dilində yazan yazıçıların bir qismi - Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Çingiz Hüseynov daim Azərbaycanla nəfəs alan və Azərbaycan mövzusunu işləyən adamlar olublar. Bu cür yazıçılar rus dilində yazsalar da, mənim üçün məqbul sayılırlar. Amma Azərbaycan təfəkkürü ilə düşünmədən, Azərbaycan ruhunu bilmədən hansı dildə yazırsan yaz, o, Azərbaycan əsəri olmayacaq, həmin əsər ölkə üçün heç bir mənəvi, bədii dəyər olmayacaq.
Çingiz Abdullayevin Azərbaycan dilində danışa bilməməsi haqda çox müzakirələr gedib. Məsələ burasındadır ki, Çingiz deyir mən Bakı ləhcəsində danışıram. Guya ki, onun ləhcəsini ələ salırlar. Amma söhbət ondadır ki, Çingiz Abdullayev Bakı ləhcəsində danışmır. Bakı ləhcəsi elə olmur. Bizim bu ləhcədə danışan bir sıra yazarlarımız olub, məsələn, Qabildə bu hiss olunurdu, çünki köklü bakılı idi.
Amma heç bir Azərbaycan yazıçısının, xüsusilə Xalq yazıçısının hər hansı ləhcədə danışmağa haqqı yoxdur! Əgər hər kəs öz ləhcəsində danışsaydı, Azərbaycan dili məhv olub gedərdi. Çingiz Abdullayevin qınanması buna görə deyil. Bunu müxalifət deyir, amma biz deməyə çəkinirik. Müxalifət deyir ki, millətin yazıçıdan vətəndaş mövqeyi tələb etməyə haqqı var. Çingizə qarşı hücumlar da məhz buna görədir, çünki vətəndaş mövqeyi nümayiş etdirmir.