Sentyabrın 13-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Pravda.az xəbər verir ki, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib. Sədr Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə edilmiş dəyişiklikləri yüksək qiymətləndirib. O, bununla bağlı gələcəkdə hüquqi maarifləndirmə işlərinin davamlı aparılmasını, vəkillərin fəaliyyətinin cəmiyyətdə müsbət rolu üçün təlim və treninqlər keçirilməli olduğunu diqqətə çatdırıb.
Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş iki vəkil and içib.
İclasda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkil Klubu tərəfindən keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Vətənim Azərbaycan!” adlı III Vəkil bədii yaradıcılıq müsabiqəsi”nin qalibləri açıqlanıb. İştirakçılardan "Kəngərli və partnyorları" Vəkil Bürosunun vəkili Aslan Heydarov birinci, hüquqşünas Şəhriyar Həbilov ikinci, Nüşabə Əhməd isə üçüncü yerin sahibi olub. Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov tərəfindən onlara mükafatlar təqdim edilib.
Daha sonra Vəkillər Kollegiyasına edilmiş müraciətlərə baxılıb, müvafiq qərarlar qəbul edilib.