Maliyyə Nazirliyi “Tərtər hadisələri” dövründə həbs olunub beş il yarım sonra bəraət almış şəxslərə kompensasiya ödəməkdən imtina edir. Məhkəmə nazirliyin üzərinə onlara təzminat ödəmək öhdəliyi qoysa da, dövlət orqanı bununla razılaşmır.
2017-ci ilin may-iyun aylarında Tərtərdə dövlətə xəyanət və başqa ağır ittihamlarla həbs edilib 20 ilə qədər cəza alanlardan 19 nəfər 2022-ci ilin dekabrında bəraətlə azadlığa buraxıldı.
Onlar həbsdən çıxandan sonra təzminat tələbi ilə ayrı-ayrılıqda məhkəməyə müraciət ediblər. Cavabdeh qismində isə Maliyyə Nazirliyini göstəriblər.
Bəraət alan şəxslər iddia ərizələrində göstəriblər ki, heç bir cinayət törətmədikləri halda, 5 il yarım həbsdə saxlanılıblar, günlərlə ağlasığmaz işgəncələrə məruz qalıblar, “vətən xaini” adlandırılaraq şərəf və ləyaqətləri alçaldılıb. Ərizəçilərin bir neçəsi göstərib ki, həbsdə olduqları dövrdə ailələri dağılıb, həyat yoldaşları onlardan boşanıb. Bəzilərinin valideynləri dözməyərək həyatını itirib.
Maliyyə Nazirliyi Nəsimi rayonu ərazisində yerləşdiyinə görə kompensasiya tələbi ilə qaldırılan iddialara da bu rayonun məhkəməsində baxılıb. Məhkəmə iddiaları qismən təmin edib. Mənəvi ziyana görə həbsdə olduqları hər aya görə 1000 manatdan hesablanmaqla, 66 min kompensasiya təyin olunub. Maddi ziyan isə hesablanarkən hərbçilərin həbsdən öncə aldıqları maaşın məbləği və s. əsas götürülüb. Beləliklə, keçmiş “Tərtər məhbusları”na 118 min, 123 min və başqa məbləğdə kompensasiyalar təyin edilib.