Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

"Bu, Azərbaycanın xaricdə lobbiçiliyinin güclənməsinə gətirib çıxaracaq" - RƏY

1 066
Paylaş:
"Bu, Azərbaycanın xaricdə lobbiçiliyinin güclənməsinə gətirib çıxaracaq" -     RƏY

Son illər Azərbaycanın diaspor və lobbiçilik fəaliyyəti təşkilatmış şəkildə həyata keçirilir. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Azərbaycan dövləti və onun ali siyasi rəhbərliyi xalqı öz ətrafında “Dəmir Yumruq” kimi sıx birləşdirib. Diaspor quruculuğu da Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor,  siyasi elmlər doktoru Elçin Əhmədov deyib ki, ölkənin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir.

Professor bildirib ki, XX əsrin 80-ci illərinin sonundan etibarən SSRİ-də aparılan yenidənqurma siyasəti və sosializm rejiminin süqutu xaricdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələr qurması üçün geniş imkanlar yaradıb: “Hələ SSRİ-nin mövcudluğu, həmin dövrün siyasi reallıqları və sovet ideologiyasının hakim olduğu dövrdə diaspor problemi ilə milli-ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verilməsə də, mədəniyyət, incəsənət, elm sahəsində ciddi iş aparılır, respublikamızın nailiyyətləri təbliğ edilir, dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqəsinə xidmət edəcək hər bir imkandan səmərəli şəkildə istifadə olunurdu. Müxtəlif ölkələrlə mədəni əlaqələrin güclənməsi, xaricdə yaşayan həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin ("Vətən" cəmiyyəti) yaradılması həmvətənlərimizin birliyinə və Vətənlə əlaqəsinə xidmət edən mühüm addımlardan idi. İlk növbədə, həmin dövrdə respublikamızın hərtərəfli inkişafı həmvətənlərimizdə milli qürur hissi oyadaraq onlarda Vətənə maraq və bağlılığı artırırdı. Qeyd etmək lazımdır ki, hər bir dövlətin milli-mənəvi sərvəti, əsas təsir qüvvəsi və təbliğatçılıq fəaliyyətində mühüm amil kimi güvənə biləcəyi strateji silahlardan sayılan diaspor məsələsi bu gün də beynəlxalq münasibətlər sistemində əsas amillərdən sayılır. Məhz bu baxımdan diaspor siyasəti hər bir dövlətin öz mədəniyyətini, dilini, tarixini, adət-ənənəsini təbliğ etmək yolunda əhəmiyyət verdiyi əsas amillərdəndir. Bunu da qeyd etmək vacibdir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Məhz 1991-ci il dekabrın 16-da Ümummilli Liderin təşəbbüsü əsasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərar qəbul etmiş, bu hadisə Azərbaycanlıların mənəvi birliyinin rəmzinə çevrilərək əlamətdar bayram kimi ilk dəfə Naxçıvanda geniş qeyd olunub. Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu rəsmən bəyan etdi və məhz Ümummilli Lider ilk dəfə olaraq, xaricdə yaşayan azərbaycanlılarla dövlət səviyyəsində sistemli iş aparmağa başladı. Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, o cümlədən beynəlxalq əlaqələrin qurulmasında və genişləndirilməsində diasporun əhəmiyyətini dəyərləndirən zəngin təcrübəyə malik, dövlət xadimi Heydər Əliyevin ABŞ, Almaniya, Fransa, Türkiyə, Böyük Britaniya, Rusiya, Çin və digər ölkələrə işgüzar səfərlərində, oradakı həmvətənlərimizlə görüşlərdə səsləndirdiyi fikirlər həm ölkə vətəndaşları, həm də Azərbaycan diasporu üçün səmərəli fəaliyyət proqramı kimi bu gün də mühüm əhəmiyyət kəsb edir”. 

E.Əhmədov deyib ki, diaspor quruculuğu işində yaxından köməklik göstərən və xaricdə yaşayan soydaşlarımızın milli-mənəvi dəyərlər, milli həmrəylik və azərbaycançılıq ideyası prinsipləri kontekstində formalaşmasına çalışan Heydər Əliyevin diaspor məsələlərinə xüsusi diqqət yetirməsi və bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsi həmvətənlərimizin təşkilatlanması prosesini sürətləndirib: “Bu baxımdan, Azərbaycançılıq ideyasının, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi üçün dünyaya səpələnmiş soydaşlarımızın Vətənlə əlaqələrinin, xüsusilə ölkəmizin bütün məsələlərdə milli maraqlarının və tarixən formalaşmış mənəvi dəyərlərinin qorunması məqsədilə diaspor quruculuğu sahəsində bir sıra mühüm addımlar atılıb. Ümummilli Liderin 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlarının I Qurultayının keçirilməsi haqqında 23 may 2001-ci il tarixli Sərəncamı diaspor quruculuğu sahəsində həlledici mərhələ oldu. Bu fəaliyyətin nə qədər ciddi və genişmiqyaslı olduğunu “Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi bir daha təsbit etdi. Ümummilli Liderin 2002-ci il dekabrın 27-də imzaladığı Fərman diaspor siyasətinin həyata keçirilməsi ilə əlaqədar dövlət orqanlarının fəaliyyətinin əsaslarını müəyyən etdi. Qanunda Azərbaycan diasporu ilə bağlı təsbit olunmuş maddələrin səmərəliliyinin artırılması, diasporumuzun təşkilatlanması, dünya azərbaycanlılarının birliyinin yaranması, dövlətimizin bu sahədə apardığı siyasətin təbliğinə nail olmaq kimi konkret məqsəd və vəzifələr yer alır. 2002-ci il iyulun 5-də isə ümummilli lider Heydər Əliyev “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” imzaladığı Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyət kəsb edən mühüm tarixi sənəd oldu. 2008-ci il noyabrın 19-da isə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Qeyd etmək lazımdır ki, Azərbaycanın sərhədlərindən, eləcə də tarixi torpaqlarından kənarda yaşayan soydaşlarımızın Vətəndən uzaqda milli həmrəylik ətrafında birləşdirilməsi, eləcə də diaspor quruculuğu sahəsində dövlət siyasətinə xidmət edəcək belə bir Komitənin yaradılması məhz Ümummilli Liderin uzaqgörən şəxsiyyət olması ilə yanaşı, dünya ölkələri üçün də bir nümunəyə çevrildi. Nəticədə, dövlətimizin Azərbaycan diasporunun daha sıx təşkilatlanması istiqamətindəki fəaliyyəti, Bakıda dünya azərbaycanlılarının dörd qurultayının keçirilməsi, xaricdə yaşayan həmvətənlərimizlə iş üzrə ayrıca dövlət qurumunun təsis olunması ilə soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin güclənməsinə mühüm zəmin yaradıb, azərbaycançılıq məfkurəsi, milli həmrəylik, Azərbaycanın milli maraqlarının və mənəvi dəyərlərinin qorunmasına nail olmaqla ölkəmizin dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. 2016-cı il iyunun 3-də Bakıda Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edirdi. Bu Qurultay dünyanın müxtəlif ölkələrinə səpələnmiş 50 milyon nəfərdən artıq azərbaycanlının bir araya gəlməsində mühüm rol oynayaraq azərbaycançılığın böyük tarixi imkanlara, birləşdirmə, səfərbər etmə gücünə malik olduğunu bir daha sübut etmiş oldu. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan həqiqətlərini müxtəlif ölkələrə çatdırmaq üçün lazımi tədbirlərin görülməsi haqqında müzakirələr aparılmalı, proqram tərtib edilməlidir: “Əgər Azərbaycan dövləti bu işdə hər hansı bir formada öz dəstəyini verə bilərsə, biz buna hazırıq. Əsas odur ki, biz bunu planlı şəkildə icra edək. Bu, Azərbaycanın diaspor təşkilatları olan bütün ölkələrdə bəlkə də birinci məsələ olmalıdır. Azərbaycan həqiqətləri haqqında əlbəttə ki, dünya ictimaiyyətinə geniş informasiya verilməlidir. Biz dövlət olaraq bunu etməyə çalışırıq. Ancaq diaspor təşkilatlarından da çox şey asılıdır. Xüsusilə, biz bunu Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı informasiya təminatında görürük””. 

O deyib ki, ölkəmizin Vətən müharibəsində tarixi ədalətin zəfər çalmasında hər bir soydaşımız əlindən gələni əsirgəmədən yaşadığı ölkələrdə Azərbaycanın haqq səsinin çatdırılması istiqamətində yorulmadan fəaliyyət göstərdi: “Xalqımız üçün belə bir həssas dönəmdə Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdə yaşayan azərbaycanlılar üzərilərinə düşən ikiqat məsuliyyəti dərk edərək, vəzifə borclarını böyük fəxarət və qürurla yerinə yetirdi, məqsədyönlü fəaliyyətlə Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində şanlı Qələbəmizi fəxrlə yaşadıqları ölkələrin kütləvi informasiya vasitələrində müxtəlif dillərdə bütün dünyaya yaymağa çalışdı. Xaricdə yaşayan soydaşlarımız tərəfindən Azərbaycan Ordusuna və şəhid ailələrinə dəstəklə bağlı çoxsaylı müraciətləri nəzərə alaraq Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən müvafiq maarifləndirmə, təşkilati və təbliğat işləri görülüb. Azərbaycan Prezidentinin Qurultayda konseptual xarakter daşıyan nitqi postmünaqişə dövründə ölkəmizin mövqeyi ilə yanaşı, diaspor fəaliyyətinin inkişafı üçün də əsas hədəfləri aydın şəkildə özündə ehtiva etdi. Azərbaycan xalqının əzmi, Vətən sevgisi, Azərbaycan əsgərinin gücü və bütün bu amillərin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir Yumruğa” çevrilməsi gələcəkdə Azərbaycana münasibətin istiqamətini müəyyən edir”. 

E.Əhmədov qeyd edib ki, Azərbaycan mədəniyyətinin incisi olan Şuşada keçirilmiş Zəfər Qurultayı diaspor nümayəndələrinin Qarabağ torpağından aldıqları mənəvi güc və əhval-ruhiyyə ilə öz ölkələrində fəaliyyətlərini daha əzmlə qurmalarına təkan verəcək: “Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir: “Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik. Dəfələrlə demişəm ki, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır”. Beləliklə, Azərbaycanın qlobal miqyasda qazandığı uğurlar və tarixi nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə təkan vermiş, xüsusilə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandıraraq ölkəmizin milli maraqları ətrafında sıx birləşməsinə zəmin yaratmışdır”. 

Politoloq Amid Əliyev isə Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı bir sıra məqamlara diqqət çəkib: 

Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideologiyası gələcək milli  inkişaf prioritetlərimizin müəyyənləşdirilməsində mayak olacaq - RƏY Pravda. az

“Azərbaycanın xaricdə yaşayan vətəndaşları ilə, diasporumuzla işlərin quruluşunda və təşkilatlatlanma formasında bir sıra nöqsanlar var. Bu baxımdan, təəssüf ki, bəzi məsələlərdə öz düşmənlərimizə - ermənilərə uduzuruq. Yadınıza salmaq istəyirəm ki, Fransa Milli Assambleyasında Azərbaycana qarşı qətnamənin qəbul edilməsi ehtimalı var idi. Erməni lobbisi bu istiqamətdə çox güclü fəaliyyət göstərirdi. Həmin dövrlərdə Fransa Milli Assambleyası qarşısında Azərbaycan lobbisinin çıxışını, etirazlarını görmədik. Amma bu gün görürük ki, ermənilərin kompakt yaşadıqları dünyanın bir çox ölkələrində, xüsusilə ABŞ, Kanada, Fransa, Böyük Britaniya, İranın özündə və digər ölkələrdə bu məsələdə ermənilər çox mütəşəkkil, peşəkardırlar. Livandakı səfirliyimizə edilən hücumu misal çəkmək olar. Artıq erməni diasporunun yaşı 150-yə yaxındır. Onlar xaricdə yaşadıqları müddət ərzində həmin ölkənin siyasi sisteminə, siyasi proseslərinə qoşulub normal gücə çevrilə biliblər. Ancaq həqiqəti qeyd etmək lazımdır ki, son 10-15 il ərzində Azərbaycan diasporu da bir sıra mühüm addımlar atıb. Azərbaycan diasporunun inkişafı istiqamətində dövlət proqramı qəbul edilib, lakin diasporumuzun ən zəif tərəfi təşkilatlanmadır. Lazım olan anda siyasi proseslərə müdaxilə edib Azərbaycanın haqlı mövqeyini dəstəkləmədə zəiflik göstərirlər. Bu da həmin ölkədə erməni lobbisinin güclənməsinə gətirib çıxarır. Erməni lobbisi açıq-aşkar Azərbaycan lobbisinin olmadığı ölkələrdə inisiativi ələ alır və Azərbaycana qarşı asanlıqla qətnamələr qəbul edir, nümayişlər keçirir. Yaxşı olardı ki, xaricdə yaşayan həmvətənlərimiz, diasporumuz təşkilatlanma məsələlərində və siyasi proseslərdə iştirakda fəal olsunlar. Yaşadıqları ölkələrdə siyasi proseslərdə iştirak etməklə yanaşı, aparıcı qüvvələrə çevrilə bilsinlər, bu istiqamətdə israrlı addımlar atsınlar. Bu, Azərbaycanın xaricdə lobbiçiliyinin güclənməsinə gətirib çıxara biləcək”. 

Politoloq vurğulayıb ki, Vətən müharibəsindən sonra Qərbin bir sıra ölkələrindəki aparıcı KİV-də Azərbaycana qarşı qara piar kampaniyası həyata keçirilir: “Diasporumuzun, lobbimizin əsas funksiyalarından biri bundan ibarət olmalıdır ki, ümumiyyətlə, Qarabağla bağlı olan detallar, tarixi faktlar xarici ölkələrdə ictimaiyyətin diqqətinə çatdırılsın. KİV-də, mədəniyyət tədbirlərində, yerli teleradiolarda... Broşurların, kitabların nəşr edilməsi ilə həmin ölkədə yaşayan insanlar artıq bilməlidirlər ki, Qarabağ Azərbaycanın hüquqi-tarixi torpağıdır, Azərbaycanın bir hissəsidir. Azərbaycanın bu gün həyata keçirdiyi sülh siyasəti, bölgədə yeni təhlükəsizlik arxitekturasının qurulması ilə bağlı dövlət siyasətinin bütün elementləri lobbimiz tərəfindən beynəlxalq ictimaiyyətə çatdırılmalı, təqlid edilməli, təşviqat işləri aparılmalıdır. Yaxın 5 il, ümumiyyətlə, strateji olaraq 10-20 il ərzində bu prosesləri idarə edib, yüksələn xətt üzrə irəliləyiş əldə edə bilsək, Azərbaycanın xarici siyasətində müəyyən məsələlərin müsbət həllinə nail ola bilərik”. 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusu üzrə dərc olunub. 

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər