Astara rayonunun 40 kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Bu barədə “Report”un cənub bürosuna Astara Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Qeyd edilib ki, vəziyyət getdikcə daha kritik həddə çatır. Züngüləş kəndində Bəndəsər yaşayış massivində yerləşən Astara kiçik su elektrik stansiyasının (SES) bəndi üçün dağılma təhlükəsi yaranıb. Hazırda su bəndin üst hissəsindən təqribən 2 metr hündürlükdə daşmaqdadır.
Pensər-Taxtanakəran-Toradi avtomobil yolunun 5-ci km-də Vaqo kəndində yerləşən uzunluğu 25, eni 10 metr olan dəmir-beton körpü dağılıb, Siyəku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 9400 nəfər əhalisi olan 24 kəndi, Asxanakəran kənd inzibati dairəsi üzrə nümayəndəliyin 2850 nəfər əhalisi olan 10 kəndi, Hamoşam kənd ərazi inzibati dairəsi üzrə nümayəndəliyin 2750 nəfər əhalisi olan 6 kəndi, ümumilikdə 15000 nəfər əhalinin yaşadığı 40 kənd ilə əlaqə kəsilib.