Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda vəkillərin sayının artırılması ilə bağlı tövsiyələri çərçivəsində Vəkillər Kollegiyası üzvlüyünə qəbul üzrə tədbirlərin həyata keçirilməsi davam etdirilməkdədir. Bu məqsədlə hazırda tam şəffaf, obyektiv şəkildə ixtisas imtahanları keçirilməkdədir.
Cari ilin sentyabr ayının 18-də yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 56 vəkilliyə namizədlə Ədliyyə Akademiyasında davam edəcək icbari təlimə başlanılıb.
Pravda.az xəbər verir ki, icbari təlimin ilk günündə keçirilən tədbirdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov açılış nitqi ilə çıxış edərək, vəkilliyə namizədlərə uğurlar arzu edib, təlim zamanı vəkillərin lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetiriləcəyini qeyd edib. Sədr bildirib ki, insan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair mövzular nüfuzlu ekspertlərin iştirakı ilə tədris olunacaqdır.
Həmçinin Anar Bağırov vəkillərin ilkin icbari və davamlı tədrisinin əhəmiyyəti barədə fikirlərini səsləndirib, son dövrlər Azərbaycan vəkilliyində aparılan islahatlar, vəkillərin sayının artırılması istiqamətində görülən işlər, onların yenilənməsi, cavanlanması, müasirləşməsi, təkmilləşməsi barədə məlumat verib. O, son illər tədris prosesində dəyişdikliklərin edildiyini, bu istiqamətdə müəyyən islahatların aparıldığını, bütün işlərin Ədliyyə Akademiyası ilə birgə həyata keçirildiyini, əvvəlki illərdən fərqli olaraq, daha təkmil, səmərəli və effektli proqramın mövcud olduğunu diqqətə çatdırıb.
Sədr vurğulayıb ki, məqsədimiz gözləntilərə cavab vermək, ölkə vətəndaşlarına keyfiyyətli hüquqi yardımın yüksək səviyyədə çatdırılmasıdır.