Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
MSK sədri Məzahir Pənahov deyib ki, iclasın gündəliyinə seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsinə dair məsələ daxil edilib.
MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, Seçki Məcəlləsinə əsasən, seçki dairələri ölkə üzrə seçicilərin sayının 125-ə bölünməsi yolu ilə formalaşdırılır. Bu məqam nəzərə alınaraq dövrü olaraq yeni seçki məntəqələri yaradılır: “Bu ilin mayından seçki dairələri üzrə seçicilərin orta təmsilçilik normasının yenidən müəyyənləşdirilməsinə ehtiyac yaranıb. MSK seçki dairələrinin hüdudlarının müəyyənləşdirilməsi üçün ekspertlərdən ibarət müvafiq komissiya yaradılıb. Orta təmsilçilik norması nəzərə alınaraq, seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiqlənməsi təklif olunub. Seçki dairələrinin yaradılması və qrafik təsvirinin yenidən müəyyənləşdirilməsi zamanı bələdiyyələrin bölünməməsi kimi bir sıra məqamlar nəzərə alınmalıdır. Çalışmışıq ki, dairələr üzrə seçicilərin orta təmsilçiliyi bir-birinə yaxın olsun. Dairələr yenidən formalaşdırılarkən aktiv və passiv seçki hüququndan istifadənin daha optimal olması diqqət mərkəzində olub”.
Rövzət Qasımov sonra MSK-nın seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsinə dair qərar layihəsini təqdim edib. Qeyd edilib ki, seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsi üçün hüquqi əsas yaranıb: “Bununla əlaqədar qərara alınır ki, seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsviri yenidən təsdiq edilsin, seçki dairələrinin yeni siyahısı dərc olunsun”.