Azərbaycan Respublikasının Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq tərəfimizdən görülən tədbirlər barədə Fransa Respublikasının Avropa və Xarici işlər Nazirliyinin bəyanatını qətiyyətlə rədd edir və pisləyirik.
XİN-dən bildirilib ki, Azərbaycan ərazilərinin işğalı faktına və bu faktın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi ilə tanınmasına baxmayaraq, Fransanın 1997-2020-ci illərdə ATƏT-in Minsk qrupunda həmsədrliyi dövründə münaqişənin beynəlxalq hüquq əsasında ədalətli həllini tapmasından daha çox işğal nəticələrinin və bölgədəki status-kvonun saxlanmasına töhfə verdiyi yaxşı yadımızdadır.
Bu baxımdan, hazırkı post-münaqişə vəziyyətində belə əvvəlki siyasətindən imtina etməyən Fransanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq görülən tədbirlər barədə bugünkü bəyanatını işğal dövrünün qalıqlarına göstərilən dəstək kimi qiymətləndiririk.