Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün bölgədə son vəziyyətə dair keçirilmiş brifinqə dair məlumat yayıb.
XİN-dən verilən məlumata görə, məlumatda bildirilib ki, 20 sentyabr 2023-cü il tarixində, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və xarici işlər nazirinin müavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirilib.
Brifinq zamanı aşağıdakı əsas məqamlar diqqətə çatdırılıb:
Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törədib.
Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları həlak olub və yaralanıb. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb.
Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak olub.
Erməni silahlı qüvvələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan ordusunun bölmələri tərəfindən təsbit edilib.
Sadalanan amillər fonunda, Qarabağ iqtisadi rayonunda yerləşdirilmiş erməni silahlı qüvvələri təxribatların qarşısının alınması, habelə Üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Görülən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb.
Antiterror tədbirləri müstəsna olaraq qanunsuz hərbi birləşmələri və hərbi infrastrukturu hədəf alıb. Mülki əhali və obyektlərə heç bir halda hücum edilməyib. Bununla bağlı hər hansı iddia əsassız və qəbuledilməzdir.