19 sentyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə BMT Baş Assambleyasının 78-ci sessiyasının açılışında iştirak məqsədilə Nyu York şəhərinə işgüzar səfəri çərçivəsində Finlandiyanın xarici və Avropa işləri naziri Elina Valtonen arasında görüş keçirilib.
XİN-dən bildirilib ki, görüş zamanı, nazir Ceyhun Bayramov tərəf müqabilini Ermənistanın ərazilərimizin 30 illik işğalı, Azərbaycan tərəfindən post-münaqişə dövründə Ermənistan ilə ikitərəfli münasibətlərin normallaşması və azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması istiqamətində atılan ardıcıl addımlar haqqında məlumatlandırılıb.
Nazir eyni zamanda Finlandiyalı həmkarını regiondakı son vəziyyət və Azərbaycan tərəfindən başladılan lokal anti-terror əməliyyatı barəsində məlumatlandırıb və bu əməliyyatı şərtləndirən amilləri diqqətə çatdırıb.
Nazir C.Bayramov vurğulayıb ki, beynəlxalq hüquqa və 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın dördüncü paraqrafını kobud şəkildə pozmaqla Ermənistanın öz silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmamasının, bütün mümkün siyasi, hərbi, maliyyə və ideoloji vasitələrlə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı seperatçılığı dəstəkləməkdə və təşviq etməkdə davam etməsinin regionda gərginliyin əsas səbəbi olduğunu bildirib.
Ermənistan və onun tərəfindən Azərbaycanın suveren ərazilərində yaradılmış qanunsuz rejim tərəfindən son günlər ərzində hərbi təxribatların xüsusilə intensivləşdiyi, hərbi-quruculuq işlərinin geniş miqyas aldığı və döyüş mövqelərinin davamlı şəkildə gücləndirilməsinin müşahidə edildiyini, bütün bunların Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələri tərəfindən növbəti dəfə iri miqyaslı hərbi təxribata hazırlıq gördüyünə dəlalət etdiyi qeyd edilib.