Azərbaycanın Rus İcması Prezident, Ali Baş Komandan İlham Əliyevi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı və bütün Azərbaycan xalqını Qarabağda uğurlu antiterror tədbirlərinin keçirilməsi münasibətilə səmimi qəlbdən təbrik edir. Azərbaycana çox mürəkkəb olan bu vəzifənin yerinə yetirməsi üçün cəmi 24 saat vaxt lazım oldu. Otuz ildən artıq müddətdə Qarabağda yaşayan erməniləri girov saxlayan, regionda sabitliyi pozmağa davam edən qanunsuz rejim birdəfəlik darmadağın edildi və kapitulyasiya etdi. Bu qələbə bir daha Azərbaycana qalib ölkə statusu qazandırdı.
Pravda.az xəbər verir ki, bu barədə Azərbaycanın Rus İcmasının bəyanatında bildirilib.
Bəyanatda deyilir:
"Azərbaycan, Ermənistan və Rusiya tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata görə, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin Azərbaycanın bölgələrindən çıxarılması ilə paralel olaraq yerləşdirilməli idi. Lakin bu baş vermədi. Bəyanatın imzalanmasından sonra erməni hərbi birləşmələrinin Qarabağda basdırdığı minaların partlaması nəticəsində 300-dən çox azərbaycanlı həlak olub və ya yaralanıb. Sentyabrın 19-da Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda erməni kəşfiyyat-diversiya qruplarının əvvəlcədən basdırdığı minaların partlaması nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyi Daxili qoşunlarının hərbi qulluqçuları həlak olub və yaralanıb. Ermənistanın destruktiv mövqeyi danışıqlar prosesində də irəliləyiş əldə edilməsinə imkan verməyib, mütəmadi hərbi təxribatlar isə Azərbaycanı antiterror tədbirlərinə başlamağa vadar edib.
Biz, Azərbaycanın rus əhalisi göstərilən mətanət, müdriklik və sonunadək qələbə əzminə görə Prezidentimiz İlham Əliyevə səmimi təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk.