2018-ci ildə Masallı rayonunda 3 uşağın ölümü ilə nəticələnən partlayışa görə barəsində cinayət işi açılan və istintaqdan yayınaraq ölkədən qaçan şəxs həbs edilib. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin vaxt Lənkəran Regional Qaz İstismarı İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir–Bərpa Xidmətinin rəisi vəzifəsini tutumuş 1980-ci il təvəllüdlü İdrak Əsədov məsuliyyətə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq-İki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin materialları Masallı Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmü ilə İ.Əsədliyə 2 il rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 5 il 2 ay həbs cəzası verilib.
Araşdırmalar zamanı məlum olub ki, Masallının Sığıncaq kənd sakini Günel Kərimova yaşadığı evdə qaz sızması barədə hadisədən bir neçə gün əvvəl aidiyyəti qurumlara məlumat verib. Əraziyə Təmir–Bərpa Xidmətinin əməkdaşları gəliblər və evin kənarında yer altından keçən qaz xəttinin karroziyaya uğrayaraq deşilməsini və qaz sızmasını müəyyən ediblər. Lakin qəzalı vəziyyət aradan qaldırılmayıb.