Oktyabrın 10-da Heydər Əliyev Mərkəzində “Liderin ürəyi” (“Сердце лидера”) sənədli filminin təqdimatı keçiriləcək.
TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın müəllifi olduğu film Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib.
Film Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı və ölkəyə rəhbərlik etdiyi dövrü əhatə edir. Ekran əsərində belə bir qayıdışın dünya tarixində ilk dəfə baş verdiyi vurğulanır.
Filmin təqdimatı üçün 10 oktyabr tarixinin seçilməsi təsadüfi deyil. Belə ki, 10 oktyabr Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə birinci dəfə Prezident seçildikdən sonra andiçmə mərasiminin keçirildiyi gündür.
Heydər Əliyev Azərbaycan xalqının tarixində mühüm rol oynayıb, dünya siyasətində silinməz iz qoyub. “Liderin ürəyi” sənədli filmində Mixail Qusmanın vaxtı ilə Bill Klinton, Corc Buş, Jak Şirak, Madlen Olbrayt, Toni Bleyer, Zbiqnev Bjezinski və digər dünya siyasətçiləri ilə Heydər Əliyev barədə apardığı söhbətlər də yer alıb.