"İşğaldan azad olunmuş torpaqlarımızda Ermənistan tərəfindən basdırılmış minalar hərbi qulluqçularımızın və mülki şəxslərin həyatına son qoymaqda davam edir".
Bu sözləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Kişineuda Moldova parlamentinin sədri İqor Qrosu ilə görüşündə söyləyib.
S.Əliyeva bildirib ki, Azərbaycan tərəfi işğaldan azad olunmuş ərazilərimizdə basdırılmış minaların düzgün xəritələrini dəfələrlə tələb etməsinə baxmayaraq, Ermənistanın xəritələri təhvil verməkdən boyun qaçırması bu ölkənin günahsız insanların qətlində maraqlı olduğunu, beynəlxalq humanitar hüquq normalarına etinasız münasibətini bir daha göstərir.
Azərbaycan torpaqlarında Ermənistan tərəfindən törədilən müharibə cinayətləri barədə ətraflı məlumat verən Ombudsman qeyd edib ki, Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 000-ə yaxın azərbaycanlının taleyi bu günədək naməlum qalır. Bu cür faktlar Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərini, beynəlxalq hüququn norma və prinsiplərinin birbaşa pozulması hallarını sübut edir.