Bir müddətdir ki, sosial şəbəkələrdə toyların qadağan edilməsi ilə bağlı dəqiq olmayan informasiya yayılmaqdadır. Antiterror əməliyyatları zamanı 192 şəhid olmasına görə bəzi insanlar toy mərasimlərinin qadağan edilməsinin tərəfdarıdır.
Ölkəmizdə bu ərəfələrdə şənliklərin keçirilməsi, həmçinin əyləncəli paylaşımlar və ab-hava heç də birmənalı qarşılanmır. Təbii ki, bu günlərdə əvvəlcədən təyin olunan toy mərasimləri bas tutsa da, bəziləri bunu müəyyən qədər məhdudlaşdırmış olaraq həyata keçirdi. Hətta bəzi sənət adamları da əvvəlcədən təyin edilən konsertlərini təxirə saldığını bildirdi. Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev bildirib ki, hökumət, əlaqədar qurumlar səviyyəsində toyların qadağan olunması doğru məlumat ola bilməz:
“Bu birmənalı olaraq hər kəsin qeyrət, vicdan məsələsidir.
Toyların qadağan olunması ilə bağlı dəqiq bir qərar yoxdur və belə bir qərar düşünürəm verilə bilməz. Bilirəm ki, toyu şəhidlərimizin olduğu günlərə təyin olunmuş bir çox məclislər ya səs-küysüz keçirildi, sonrakılar isə təxirə salındı.
Təbii ki, toy sahibi də toya hazırlaşan zaman müəyyən xərclər çəkir, amma heçnə şəhidlərimizdən əziz deyil. Ona görə də vətəndaşlarımız bu cür müdriklik, həmrəylik göstərərək şəhidlərimizin xatirəsinə görə toylarını təxirə saldı. Bunu hər kəs başa düşdüyü üçün qadağan edilməsinə gərək yoxdur”.
Deputat onu da qeyd edib ki, toyunu təxirə sala bilməyənlərin müəyyən etik çərçivədə məclislərini keçirməsi yaxşı olar:
“Belə olan halda insanlar bunu şəhidlərimizə hörmətsizlik kimi qəbul etməzlər. Şəhidlərimizin olduğu bir dönəmdə bir tərəfimizdə yas, digər bir yandan şənlik düzgün qarşılanmaz.