Məlum olduğu kimi, hazırda Qarabağ bölgəsinin erməni sakinlərinin cəmiyyətimizə reinteqrasiyası dövrü başlayıb. Prosesin sürətli, problemsiz və Azərbaycan Respublikasının qanunları əsasında baş tutmasının tərəfdarı olan Azərbaycan sakinlərə öz təkliflərini edib. Məlumdur ki, gedənlər də Ermənistanda bir o qədər xoş qarsalamırlar. Bunun obyektiv və subyektiv səbəbləri var. Ən azından onu demək olar ki, daxildən parçalanmış Ermənistanda “Qarabağ ermənisi” və “İrəvan ermənisi” qarşıdurması uzun illərdir davam edir. Amma əsas məqam bu deyil. Azərbaycan sülh əlini 30 ildir destruktiv mövqe sərgiləyən Ermənistana uzatmaqda davam edir. Bu, milli kimliyimizin siyasətdə əks olunan simasıdır. Hazırda iki ölkə arasında danışıqlar davam edir. Buna baxmayaraq, ermənilər hər yerdə öz “tarixi torpaqlarından”, “dədə-baba yurdlarından” qovulduqlarını, deportasiya məruz qaldıqlarını car çəkirlər. Belə bir zamanda Azərbaycan tərəfi həm səbirlə, həm də məntiqlə öz mövqeyini göstərir. İki ölkə arasında yenidən müharibəni olmaması və tez bir zamanda sülh müqaviləsinin bağlanması üçün addımlar atır. Bu addımlardan vacib olanı isə təbii ki, erməniəsilli vətəndaşların Azərbaycan daxilində qanuni şəkildə, digər millətlər kimi, bu ölkənin vətəndaşlarının hüquqlarına sahib olmaqla yaşamasını təmin etməkdir.
Belə həssas məqamda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov sosial şəbəkələrdə Xankəndidə çəkilmiş fotosunu paylaşıb. Foto şəhərin girişindəki “Nənə və baba” abidəsinin qarşısında çəkilib. Abidənin üzərində Azərbaycan bayrağı vurulub.
Belə bir incə məqamda bu cür paylaşım etmək nə qədər doğrudur? Bu addım kifayət qədər gərgin olan mühiti bir az da alovlandıra bilər. Durduq yerə belə qıcıqlandırıcı post paylaşmağın hansı məntiqi əsası var, anlamaq çətindir sözün düzü. Və ən əsası, bu addım sənə nə qazandırdı? Sosial şəbəkə hesabında “like”? Yoxsa, “hər kəsin şəkili var, mənim niyə olmasın?” prinsipini əldə bayraq tutaraq axmaq qərar vermək bacarığı.
Üstəlik mülki bir şəxsin hərbi mundir geyinib Xankəndindən şəkil paylaşması nə mənəvi, nə də hüquqi tərəfdən doğrudur. Axı bu günlərdə ölkəmiz keçirdiyi lokal xarakterli antiterror tədbirlərində 204 şəhid verib. O formanı geyinən hər bir şəhid geriyə baxmadan, yağı düşmən üzərində qələbənin xəyalını quraraq canından keçib. Canından keçib ki, həm Qarabağ azad olsun, həm bu torpaqlarda Azərbaycanın müqəddəs üçrəngli Bayrağı dalğalansın, həm də gələcək günlərdə mülki şəxslər bu torpaqlarda 30 il öncəki kimi normal həyatlarını yaşasınlar. O formanı geyinənlər bu ali dəyərlər, bu ulu məqsədlər üçün düşünmədən canlarından keçiblər. İndi belə bir məqamda mülki şəxs olaraq necə formanı geyinib poz verərək şəkil çəkdirə bilirlər? Həm də şəhidlərin qanı qurumamış.