Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli bayram – Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sədr Si Cinpinə təbrik məktubu ünvanlayıb.
Pravda.az xəbər verir ki, dövlətimizin başçısı məktubunda bildirib: “Bu gün Çin dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir. Sizin qətiyyətli və müdrik rəhbərliyinizlə ölkənizin hər bir sahədə əldə etdiyi nailiyyətləri və uğurları onu dünyanın iqtisadi cəhətdən ən qüdrətli və qabaqcıl ölkələri sırasına çıxarmış, beynəlxalq aləmdə mövqeyini daha da gücləndirib.
Yaxın dost və etibarlı tərəfdaş ölkə olan Çinlə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Şadam ki, qədim tarixə və xoş ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, tərəfdaşlığımız gündən-günə yeni məzmunla zənginləşir.
Məmnunluqla qeyd etmək istərdim ki, hazırda ikitərəfli münasibətlərimiz geniş gündəliyə malikdir. Qarşılıqlı faydalı əməkdaşlığımızın iqtisadiyyat, ticarət, nəqliyyat-logistika, bərpaolunan enerji, humanitar və digər sahələrdə çox aydın və böyük perspektivləri vardır. Eyni zamanda, Çindən Azərbaycan vasitəsilə Qərb istiqamətində daşınan yüklərin həcminin artması “Kəmər və yol” layihəsi çərçivəsində uğurlu qarşılıqlı fəaliyyətimizin növbəti bariz nümunəsidir”.