Azərbaycan Respublikası Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı əməli fəaliyyətə başlayıb. Bununla əlaqədar, Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov 2023-cü il sentyabrın 21-də, 25-də və 29-da Yevlax və Xocalı şəhərlərində erməni sakinlərin nümayəndələri ilə görüşüb.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında deyilir.
Görüşlərdə Azərbaycan Respublikasının reinteqrasiyaya dair planları təqdim edilib və onun ətrafında müzakirələr aparılıb.
Qeyd edilib ki, reinteqrasiya Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq öhdəlikləri əsasında həyata keçirilir.
Etnik, dini və ya dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə, o cümlədən hər kəsin təhlükəsizliyinə təminat verilir.
Hüquqi və idarəetmə sahəsi:
Erməni sakinlərin yaşadıqları ərazilərdə idarəetmə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçirilir. Sakinlər xüsusi nümayəndəliklərin işinə cəlb oluna bilər.
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, seçkilər vasitəsilə bələdiyyələr formalaşdırılır.
Sakinlərin vətəndaşlıq məsələləri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq, müvafiq prosedurlar əsasında həyata keçirilir.
Təhlükəsizlik sahəsi:
Tərk-silah və tərxis prosesi başa çatdırılır, bütün silahlar sakinlərdən yığılır.
Azərbaycan Respublikasının daxili işlər orqanları ərazidə ictimai asayişin qorunmasını və sakinlərin təhlükəsizliyini təmin edir. Sakinlər daxili işlər orqanlarına işə cəlb oluna bilər.
İqtisadi sahə:
Sakinlərin yaşadıqları ərazilərin fiziki və sosial infrastruktur təminatı (təhsil, səhiyyə, enerji, qaz, su, yol, rabitə, meliorasiya və s.) müəyyən müddət ərzində ölkə üzrə orta göstəricilər səviyyəsinə çatdırılır.