Azərbaycan artıq xeyli müddətdir dünyada siyasi, iqtisadi və digər mövzularda qlobal tədbirlərin keçirildiyi mərkəz rolunu yerinə yetirir. Ölkəmiz onlarla beynəlxalq sammitə, qlobal xarakterli layihələrin müzakirə olunduğu toplantılara, böyük idman yarışlarına ən ali səviyyədə evsahibliyi etməyi bacarıb. Bu sahədə geniş təcrübə qazanan Azərbaycan beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən nümunə göstərilir, təşkilatçılığı yüksək qiymətləndirilir. Təbii ki, belə tədbirlərin harada keçiriləcəyi təsadüfi seçim əsasında aparılmır. Təşkilatçılar tədbirin yeri barədə müzakirələr və təhlillər aparır, həmin ölkənin potensialı və təcrübəsi dəyərləndirilir və yekun qərar verilir. Bu, onu göstərir ki, Azərbaycandakı siyasi sabitlik, bütün sahələri əhatə edən davamlı inkişaf, həmçinin beynəlxalq miqyasda qazanılan nüfuz ölkəmizdə bu cür mötəbər tədbirlərin keçirilməsinə imkan verir.
Pravda.az xəbər verir ki, bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Azərbaycan hazırda daha bir qlobal tədbirə - 74-cü Beynəlxalq Astronavtika Konqresinə evsahibliyi etməklə dünyanın diqqət mərkəzindədir. Tədbirə 100-dən artıq ölkədən 5000-dən çox nümayəndə gəlib. Bu, Konqresin əhəmiyyətini və dünyada bu sahəyə olan marağın miqyasını göstərir. Təbii ki, müxtəlif ölkədən bu qədər qonağın Azərbaycana gəlməsi ölkəmizin dünyada daha yaxından tanınmasına, təbliğinə, turizmin inkişafına şərait yaradacaq. Həmçinin kosmik sahədə yeni-yeni nailiyyətlərin qazanılmasında, müasir texnologiyaların tətbiqində və inkişafında ölkəmiz üçün rolu böyükdür. Mən hesab edirəm ki, tədbirin Bakıda təşkil olunması həm də gənclərimizin kosmik sahəyə marağının artmasına, onların bu istiqamətdə maariflənməsinə hərtərəfli kömək edəcək.