Zaqatalada baş verən partlayışın təfərrüatı məlum olub.
Hadisə tanışlar arasında düşən şəxsi mübahisə zəminində baş verib.
Belə ki, rayonun Yengiyan kənd sakini, 1994-cü il təvəllüdlü Həmid Gülməmmədov sərxoş vəziyyətdə içərisində qonşusu Məqsəd Rzayevin olduğu avtomobili saxladaraq maşına əyləşib və onu gedəcəyi ünvana aparmağı tələb edib. Əks təqdirdə Həmid onları əlindəki qumbaranı partladacağı ilə hədələyib. Onlar razılaşıblar və Həmidi sakitləşdirməyə çalışıblar. Lakin sərxoş vəziyyətdə olan Həmid onlara məhəl qoymayıb. Həmid avtomobili bir neçə yerə sürdürüb. Bu zaman onların arasında narazılıq yaranıb. Bu narazılıqdan doğan mübahisə zəminində Həmid əlindəki qumbaranın alışdırıcısını çəkərək onları yenidən təhdid etməyə başlayıb. Nəticədə mübahisə daha da qızışıb və Həmid qumbaranı onların üstünə atıb.
Qumbaranın partlaması nəticəsində Həmid hadisədən dərhal sonra, Məqsəd Rzayev isə bir gün sonra xəstəxanada dünyasını dəyişiblər.
Hadisə zamanı xəsarət alan İlqar Cumayev isə xəstəxanada müalicə alır. Həkimlər onun həyat təhlükəsinin olmadığını deyirlər.