Son illər Azərbaycanda qeyri-hökumət təşkilatları sektorunda böyük inkişaf göz qabağındadır. Xüsusilə Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxsin yaradılması bu sahənin nəzərəçarpacaq dərəcədə inkişafına təkan verib.
Qeyd etməliyik ki, əvvəlki dövrlərdə ölkəmizin QHT sektorunda vəziyyət o qədər də ürəkaçan deyildi. Bəzi QHT-lər xarici dairələrin təsirinə düşür, Azərbaycanın maraqlarına zidd fəaliyyətlərə cəlb olunur, ölkəmizin imicinə xələl gətirən addımlar atırdılar. İndi isə QHT sektorunda müsbət istiqamətdə böyük canlanma müşahidə olunur. Bu gün yüksək xarici dil bilmə qabiliyyətinə, geniş dünyagörüşünə və təfəkkürə malik, savadlı QHT nümayəndələri beynəlxalq tədbirlərdə uğurla iştirak edir, Azərbaycanın haqq səsini, haqlı mövqeyini, mövcud reallıqları bütün dünyaya olduğu kimi çatdırır, ölkəmizin əleyhinə olan fəaliyyətlərə qarşı səmərəli mübarizə aparırlar.
AZƏRTAC xəbər verir ki, bu yaxınlarda ATƏT sədrinin çağırışı ilə Polşada keçirilən İnsan ölçüsü üzrə Varşava Konfransında bunun bir daha şahidi olduq. Azərbaycanın QHT nümayəndələrinin həmin konfransda fəal iştirakı, onların ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına dair məruzələri bunu bir daha göstərdi. Belə ki, tədbir çərçivəsində oktyabrın 2-də keçirilən “Demokratik təsisatlar” mövzusunda birinci panel iclasında Azərbaycanın vətəndaş cəmiyyəti fəalı Orxan Amaşov ötən ay Qarabağda keçirilmiş qondarma “prezident seçkiləri”nə toxunaraq deyib: “Heç bir dövlət öz suveren ərazilərində hər hansı bir qeyri-qanuni qurumun mövcudluğunu və ya bu qurumun keçirdiyi “seçkiləri” məqbul hesab edə bilməz və etməməlidir. Qanunun aliliyi təmin olunmalıdır və həmin dövlətin Konstitusiya quruluşu onun bütün suveren ərazisinə tətbiq edilməlidir. Otuz ildən artıq müddətdə qonşu Ermənistanın Azərbaycan ərazisində həm maddi, həm də hərbi dəstək verdiyi separatçı xunta rejimi hədsiz cəzasızlığa məruz qalıb.
Bu il sentyabrın 9-da “Dağlıq Qarabağ respublikası” adlanan qeyri-qanuni və qondarma qurum Azərbaycanın Qarabağ bölgəsində saxta seçkilər keçirib. Xoşbəxtçilikdən beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in üzvü olan bir çox dövlətlər və Avropa İttifaqı bu seçkiləri pisləyərək, Azərbaycanın ərazi bütövlüyünə öz dəstəklərini bir daha vurğulayıblar. Bəyan ediblər ki, “seçkilər”in keçirildiyi həmin çərçivə tamamilə qəbuledilməzdir”.
QHT nümayəndəsi təəssüflə bildirib ki, lakin ATƏT-in özü bu saxta “seçkiləri” pisləyən bəyanatla çıxış etməyib.
Bu gün Qarabağ ərazisində tərk-silah və reinteqrasiya tədbirlərinin davam etdirildiyini söyləyən O.Amaşov bildirib: “Sentyabrın 28-də separatçı qurum özünün buraxıldığını elan edib. İndi əsas məsələ Qarabağ ərazisində infrastrukturun reinteqrasiyası ilə yanaşı, həm də Qarabağın yerli erməni əhalisinin hüquq və təhlükəsizliyinin Azərbaycanın Konstitusiyası, eləcə də ölkəmizin tərəfdar çıxdığı beynəlxalq konvensiyalar çərçivəsində təmin olunması və qorunmasıdır. Bölgənin idarə olunmasında Qarabağın erməni əhalisinin iştirakının da təmin olunması vacib məsələdir. Hazırda reinteqrasiya prosesi davam edir və ümid edirik ki, baş verən son hadisələr zamanı Qarabağı tərk edən və özlərini Qarabağ erməniləri hesab edən insanlar geri qayıdaraq Azərbaycan vətəndaşları olacaqlar. Bu, həm Azərbaycan, həm də Ermənistan üçün nəhayət çoxdan gözlənilən sülh müqaviləsinin imzalanması baxımından gözəl imkanlar yaradır”.
Oktyabrın 3-də “Fundamental azadlıqlar” mövzusu üzrə ikinci panel iclasında çıxış edən Azərbaycandan olan vətəndaş cəmiyyəti fəalı Adnan Hüseyn deyib: “Bu gün biz demokratiya və azadlıq üçün mühüm əhəmiyyət kəsb edən fikir, ifadə, media azadlığı, jurnalistlərin təhlükəsizliyi ilə bağlı məsələlərin həlli barədə danışdıq. Medianın Qarabağla bağlı qərəzli münasibətini, Azərbaycanı tez-tez ittiham etməsi və onilliklər boyu beynəlxalq səviyyədə tanınmış torpaqlarımızın işğalı zamanı üzləşdiyimiz ədalətsizliyə məhəl qoymadığını görmək insanı məyus edir. Bunlar belə bir sual doğurur ki, beynəlxalq ictimaiyyət medianı qeyri-dəqiq izləyir, yoxsa medianın səriştəsizliyinin qurbanıdır?”.