30 ildən artıqdır doğmaları ondan xəbər gözləyirlər. Bu illər ərzində yaxınlarına onun yandırıldığı, əzab işgəncə ilə öldürüldüyü, hətta sağ olması barədə xəbərlər gəlib.
Söhbət son günlər haqqında çox danışılan Natiq Qasımovdan gedir. O, 1971-ci il yanvarın 2-də Gədəbəyin Kiçik Qaramuradlı kəndində dünyaya gəlib. Bir müddət sonra ailəsi ilə birlikdə Mingəçevirə köçüb.
Məktəbi bitirdikdən sonra Azərbaycan DRES-də çilingər, kinoteatrda kinomexanik işləyib. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşunlarda hərbi xidmət yolunu keçib.
1991-ci ildə ordudan tərxis olunduqdan sonra bir müddət valideynlərinin yanında qalan Natiq könüllü olaraq yenidən Vətənin müdafiəsinə yollanıb. Xocalı faciəsində sakinlərin başına gətirilənlər onu daha da hiddətləndirib.
Natiq Qasımov ailədə 2 qardaş, 2 bacı olub. Ailənin son beşiyi bircə fotosu ilə dünyada tanınıb. Şəkildə Natiqin ağır döyüşlərdən sonra əlində üçrəngli bayrağımızı 2 erməni arasında məğrurcasına addımladığı əks olunub.
Ermənilər 5 gün müddətində kilsədə onlarla cəmi bir nəfərin mübarizə apardığını bilib çox pərt olublar. Daha sonra Xocalı sakinlərinin azad edilməsi üçün Natiq təslim olub.