Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov istefa verib. Azər Zeynalov 1970-ci ildə Naxçıvan MSSR-in Şərur şəhərində doğulub. 1977-1987-ci illərdə Şərur şəhəri Nəriman Nərimanov adına 1 nömrəli orta məktəbdə, 1987-1992-ci illərdə isə Lipetsk Politexnik İnstitutunda sənaye nəqliyyatı ixtisası üzrə təhsil alıb, 1992-1993-cü illərdə ordu sıralarında xidmət edib.
Azər Zeynalov 1993-cü ildə Şərur Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin Təsərrüfat hesablı sahibkarlığa yardım kommersiya şöbəsində mütəxəssis vəzifəsində, 1994-cü ildə Şərur Rayon İcra Hakimiyyəti aparatının humanitar məsələlər üzrə şöbəsində məsləhətçi, 1995-ci ildə həmin şöbədə baş məsləhətçi, 1996-cı ildən Ərazi hakimiyyəti və idarəetmə orqanları ilə iş üzrə şöbədə məsləhətçi, 1999-cu ildən isə həmin şöbədə böyük referent olaraq çalışıb.
Azər Zeynalov 2000-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət quruculuğu, ərazi idarəetmə orqanları, deputatlarla və daimi komissiyalarla iş üzrə şöbəsində baş referent, 2001-ci ilin yanvar ayından isə iqtisadiyyat şöbəsinin müdiri olub. O, 2003-cü ilin dekabr ayından 2005-ci ilin noyabr ayınadək Azərbaycan Dövlət Dəmir Yolları Naxçıvan Hissəsinin rəisi vəzifəsini tutub.