4 oktyabr tarixində Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nəzdində fəaliyyət göstərən Fransanın müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun idarə heyətinin Fransız Polineziyasından olan üzvü xanım Ella Tokoraqinin BMT-nin 4-cü Komitəsinin (Xüsusi Siyasi və Dekolonizasiya Komitəsi) iclasındakı Fransanın müstəmləkəçilik siyasətini qətiyyətlə pisləyən çıxışını alqışlayırıq.
Bu barədə Pravda.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
E.Tokoraqinin çıxışında Fransız Polineziyasının müstəmləkəçilikdən azad olması uğrunda mübarizəsini müdafiə etdiyinə görə ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatına minnətdarlığını yüksək qiymətləndirir, bəşəriyyətə qarşı cinayət olan müstəmləkəçiliyə qarşı çıxmağa, Fransa hökumətinin Fransız Polineziyası xalqına qarşı ədalətsizliyinə və bu ölkəyə vurduğu ziyana görə məsuliyyət daşımalı olmasına, kolonializmə və ya neokolonializmə son qoyulmasının beynəlxalq münasibətlərin mərkəzində dayanmalı olmasına dair çağırışlarını dəstəkləyirik.
Qeyd edilən çıxış, habelə Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı tədbirin davamı olaraq, Fransanın dənizaşırı ərazilərinin təmsilçiləri ilə əməkdaşlığın dərinləşdirilməsi məqsədilə 22 Sentyabr 2023-cü il tarixində Birləşmiş Millətlər Təşkilatının qərargahında “Bakı Təşəbbüs Qrupu” tərəfindən təşkil edilmiş “Dekolonizasiya: Sakit İnqilab” adlı konfrans çərçivəsində aparılmış müzakirələr neo-kolonialist siyasətə qarşı mübarizənin əhəmiyyətini göstərib.