Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edib.
Pravda.az xəbər verir ki, Hans Henri Kluge Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusun salamlarını dövlət başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Tedros Adhanom Qebreyesusa çatdırmağı xahiş etdi.
Qonaq qlobal səhiyyə liderliyi sahəsində Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi həyata keçirdiyi fəaliyyətin çox yüksək qiymətləndirildiyini qeyd etdi. O, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun 2020-ci ilin mayında koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda onlayn Zirvə görüşünün keçirilməsinə, Azərbaycanın vaksinlərin ədalətli, bərabər bölgüsünə dair qətnamənin təşəbbüskarı olmasına və həyata keçirdiyi fəaliyyətə görə minnətdarlığını bildirdi. Hans Henri Klugen Azərbaycanın pandemiya dövründə 80-dən artıq ölkəyə dəstək göstərdiyini qeyd etdi, ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində yaratdığı COVID-19-a qarşı mübarizə üzrə məlumat bazası sisteminin çox səmərəli olduğunu və Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə böyük töhfə verdiyini dedi.
Söhbət zamanı Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıldı.
Hans Henri Kluge BMT-nin rezident əlaqələndirici ofisinin və ÜST-ün Bakı ofisinin nümayəndələrinin də daxil olduğu missiyanın Azərbaycanın Qarabağ bölgəsinə həyata keçirdiyi səfərinin yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.
Prezident İlham Əliyev COVID-19-a qarşı mübarizədə ÜST-ün ölkəmizə göstərdiyi dəstəyi yüksək qiymətləndirdi, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi 80-dən artıq ölkəyə yardım etməsindən, Qoşulmama Hərəkatı çərçivəsində COVID-19-a qarşı mübarizə üzrə məlumat bazası sistemi yaradılmasından və vaksin həmrəyliyi ilə bağlı səylərimizdən danışdı.
Dövlət başçısı Azərbaycanın milli, regional və beynəlxalq səviyyədə yardım proqramlarını həyata keçirdiyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı bildirdi ki, Qarabağda yerli əhali arasında təşviş yaradan və onları Ermənistana köçməyə məcbur edən məhz qondarma rejim olub.