Avropa Parlamentinin yüngül, bir o qədər də dayaz və özünü biabır edən qərarları bizə çoxdan məlumdur. Biz o cümlədən beynəlxalq hüququn hansı gücə sahib olduğunu, kimlərin əlində oyuncağa çevrildiyini çox yaxşı bilirik. Bu gün Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən əndişə keçirən, yeri gəldi-gəlmədi yersiz bəyanatlar səsləndirən, hətta buna görə yuxusu ərşə çəkilən dövlətləri 30 il münaqişənin sülh yolu ilə həll edilməsinə cəlb etmişdik. Amma nəticədə nə gördük?! Əllərindən bir iş gəlmədi, yalnız mənasız danışıqlar apardılar, bir milyondan artıq məcburi köçkünün hüquqlarını düşünmədilər. Baxmayaraq ki, hər şey göz qabağında idi. İndi durub bunların insan hüquqları ilə bağlı hansı fikrinə inanasan?!. Niyə bəs o zaman beynəlxalq hüquqa istinad etmirdiniz!? Məgər BMT-nin məlum qətnamələrini özünüz qəbul etməmişdiniz!? Vaxtı 30 il uzatmaqla fikriniz nə idi? Elə bilirdiniz ki, Azərbaycan torpaqlarını Ermənistana ərməğan edəcəksiniz!? İşğalçı, azərbaycanlılara qarşı soyqırımları törətmiş Ermənistanın havadarları, Siz məğlub oldunuz. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sizin dəstəklədiyiniz təcavüzkar dövlətin bütün işğal planlarını puça döndərdi, bölgəni bataqlıqdan xilas etdi, yeni vəziyyət formalaşdırdı. İstəsəniz də, istəməsəniz də bu reallıqları qəbul etməyə məcbursunuz, çünki bu reallıq dəyişməzdir, beynəlxalq hüquqa əsaslanır, sülh və təhlükəsizliyə, tərəqqiyə, yeni inkişafa istiqamətlənib.
Bu fikirləri Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirərkən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.