BANKLARIN BAĞLANMASI VƏ LƏĞVİ (açıram sandığı, tökürəm pambığı!)
Banklar niyə və necə bağlanır? Onların ləğvi necə həyata keçirilir? Bu əsnada kimin pulu qaytarılır, kimin pulu isə batır? Ara yerdə qazanan (“çak-çuk” edən) kim olur? Bu və digər sualların cavabını çox zaman nəinki adi insanlar, heç peşəkar bankirlər də tam bilmir. Buna görə də mənə verilən suallar əsasında əsas məqamlara aydınlıq gətirəcəyəm.
1. Bank qanunvericiliyimiz bilərəkdən elə tərtib olunub ki, Mərkəzi Bank banklara qarşı istədiyini edə bilər. Heç kəsə də hesabat verməli deyil. Sadəcə deyir ki, ay nə bilim, filan bank filan normativi (kapital və s.) pozub və s. və i.a. Eyni normativi pozan digər banka qarşı isə heç nə etməyə də bilər. Yəni istədiyi ayrı-seçkiliyə yol verə bilər. Nəinki ictimaiyyət, heç hökumət də, bir qayda olaraq, Mərkəzi Bankın arqumentlərini tam başa düşmür. Mərkəzi Bankın bəyanatları məhz bilərəkdən qəliz yazılır ki, heç kəs onları başa düşməsin. Əlqərəz, özünüzü avam və kütbeyin hesab etməyin. Sadəcə sizləri avam yerinə qoymaq istəyənlər var. Bank işi elə də qəliz məsələ deyil ki, onu bir balaca məntiqi (heç təhsili demirəm!) olan başa düşməsin. Odur ki, irəli!
2. Bankın işi pul alveridir. Birindən aşağı faizlə əmanət (o cümlədən sahibkarların cari hesabları) cəlb edir ki, digərinə həmin pulu kredit kimi yuxarı faizlə verib qazanc əldə etsin. Təbii, krediti götürən bankirlərə yaxın şəxslər (yaxud öz biznesləri) olduqda rüşvət və s. müqabilində aşağı faizlə, uzun müddətə və girovsuz da verə bilərlər. Bu halda kredit gedər-gəlməzə verilir və problemli olur, yəni qayıtmır. Mərkəzi Bankın da işi ondan ibarətdir ki, banklara elə nəzarət etsin ki, əmanətçilərin pulunu göyə sovurmasınlar. Əks halda, bank müflisləşir (əmanətləri qaytara bilmir) və əmanətçilərin pulu batır. Mərkəzi Bank vəzifəsini dürüst və vicdanlı icra etsə, heç bir bank müflisləşməz. Necə ki, məsələn, Almaniyada onilliklərdir ki, heç bir bank müflisləşmir. Bizdə isə məsələn ən iri bankımız “Bank Standard” müflisləşəndə məlum oldu ki, borcu qalıq əmlakından 6 (!) dəfə çoxdur və 1 mlrd. manatdan çox vəsait talan edilib. Mərkəzi Bankın, habelə bankı audit etmiş KPMG-nin isə guya bundan xəbəri olmayıb.
3. Düzdür, başqa hal da ola bilər. Tutaq ki, bankın verdiyi əksər kreditlər sağlamdır: yəni kifayət qədər girov təminatı var. Amma borclular krediti qaytarmır. İşlər məhkəməyə düşür. Və illərlə məhkəmə çəkişməsi gedir (borclu iri sahibkardırsa, bizim “rüşvətə yox deyən” məhkəmədə bankın başına oyun açır!). Məlumdur ki, yekunda bank udacaq, girovları satıb pulunu qaytaracaq. Amma bunu əmanətçilərə necə izah edəsən? Onlar gözləmir və pullarını geri tələb edirlər. Buna likvidlik problemi deyilir və məsələn hazırda “AGBank” bu problemlə üzləşib. Belə vəziyyətdə bütün normal ölkələrdə Mərkəzi Bank sonuncu instansiya kreditoru kimi həmin banka kredit verir ki, get borclarını qaytar, kreditlərini yığa-yığa mənim də borcumu ver. Mərkəzi Bank bu halda həmin bank tərəfindən müəyyən normativlərin (məsələn, problemli kreditlər üzrə bank ehtiyat yaratmalıdır, ehtiyat isə kapitaldan çıxılır, deməli, bankın kapitalı azalır və kapital tələbi pozulur) pozulmasına görə də sanksiya tətbiq etmir. Çünki bank nəzarətinin məqsədi kimisə cəzalandırmaq deyil. Əsas, bank sisteminin sabiltliyi və müştərilərin maraqlarını qorumaqdır. Hər bağlanan bank sistemə etibarı sarsıdır. Lakin bağlanmalı bankın (müflis bankın) vaxtında bağlanmaması da sistemə mənfi təsir göstərir. Necə ki, məsələn, bizdə bir ilə yaxın müddət ərzində müflisləşmiş “Atabank”ı bağlamırdılar.
4. Buna görə də Mərkəzi Bankın burada əsas vəzifəsi müflis bank və likvidlik problemini yaşayan bank arasında fərqi müəyyən etmək və ictimaiyyətə hər qərarını bu prizmadan geniş açıqlamaqdır (daha bizdəki kimi qısa və anlaşılmaz bəyanatlar verməli deyil). Birinci tip bankı bağlamaq, ikinciyə isə kredit vermək lazımdır. Bəzən isə hətta müflis banka da dövlət yardım edə bilər. Məsələn, necə ki, bir neçə il əvvəl dövlətimiz Beynəlxalq Banka 3 mlrd. dollardan çox pul bağışlayaraq onu müflislikdən xilas etdi. Ona görə ki, bu bank o qədər böyükdür ki, bağlanması bütövlükdə bank sistemimizi çökdürə bilərdi. Belə banka “sistem əhəmiyyətli bank” deyilir. 2016-cı ildə “Bank Standard” da sistem əhəmiyyətli bank elan olunmuşdu, dövlət onu xilas etmək üçün yüz milyonlarla vəsait ayırdı, amma yekunda bankı bağladılar. Ayrılan pullar hara getdi – Allah bilir!
5. Sonuncu məsələ ümumiyyətlə olduqca vacibidr. Bağlanmış bank yağlı tikədir, onun olan-qalan əmlakını da talamaq bir sıra leşyeyən məmurun arzusudur. Buna görə də hətta sağlam bankı bağlatdırmaq olar ki, sonradan onun əmlakını rahat talaya biləsən. Məhz buna görə də Mərkəzi Bank bankı bağlayanda qərarını ətraflı əsaslandırmalıdır ki, həqiqi niyyətlərinə dair şübhələr yaranmasın. Məsələn, 4 il əvvəl hazırda da müvəqqəti inzibatçı təyin olunmuş “NBC Bank”ı bağlamışdı. Bir neçə gün sonra isə lisenziyasını bərpa etmişdi. Deməli, bizim Mərkəzi Bankın qərarlarına tam etimad yoxdur, əsl niyyətini bilmək olmur. Yeri gəlmişkən, istisna deyil ki, “NBC Bank” məhz ondan sonra özünə gələ bilmədi. Axı bağlanmış sağlam bank belə panika nəticəsində müştərilərini itirə və zəifləyə bilər. Bu baxımdan da Mərkəzi Bankın qərarlarının səhv olduğunu sonradan sübut etmək çox çətindir. Hər hansı banka dair sərt addım və bunun ictimailəşdirilməsi həmin banka etimadı sarsıdır. Nəticədə sağlam bank da xəstələnə bilər. Buna görə də qanunvericiliyə əsasən Mərkəzi Bankın İdarə Heyətində iki kənar üzv olmalıdır ki, onun üzərində ictimai nəzarət olsun. Lakin təəssüf ki, həmin vəzifələr vakantdır və Mərkəzi Bankın üzərində heç bir nəzarət yoxdur. Hətta Hesablama Palatası da onu indiyədək yoxlamayıb. Yoxlasa, Allah bilir, oradan nələr çıxar...