Ötən ay intensiv yağış, sel suları ilə müşahidə edilən kəskin hava şəraiti bir sıra ağır fəsadlara səbəb olub. İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları Xaçmaz rayonunda Qudyalçay üzərində yerləşən körpünün uçması ilə nəticələnib. “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib. Son bir neçə həftədə hava mülayim olsa da, bölgələrdə körpülərin vəziyyəti əhalini ciddi şəkildə narahat edir. Xaçmaz sakinlərindən daxil olan şikayətə görə, Xaspoladoba kəndində təxminən 15 il əvvəl inşa edilən körpü də artıq qəzalı vəziyyətdədir.
Kənd sakinləri iddia ediblər ki, körpüdən ağırtonnajlı yük avtomobilləri keçdiyi üçün istismar müddəti başa çatmamış sıradan çıxıb:
“Qudyalçay üzərində yerləşən körpünün uçması faciə idi. İkinci belə bir faciə hər an Xaspoladoba kəndindəki körpüdə də baş verə bilər. Sakinlər qorxaraq hərəkət edir. Müvafiq qurumlara müraciət etsək də, heç kim maraqlanmır. Qarşıdan qış gəlir, gərək bir hadisə olsun, sonra hamı gəlsin maraqlansın?”
Qəzalı vəziyyətdə olduğu üçün sakinlərin həyatını təhlükəyə atan belə körpülərdən biri də Astara rayonunun yeddi mindən çox əhalisinin gündəlik istifadə etdiyi Şiyəkəran kəndinin mərkəzində olan körpüdür. Sakinlər bildiriblər ki, körpünün dayaq sütunları artıq çürüyüb:
“Körpünün üzərindəki çatları görməmək mümkün deyil. Xaçmazda olduğu kimi, bir də sel gəlsə, bu körpüdə də faciə olacaq. İllərdir bələdiyyə, icra orqanlarına deyirik, ancaq nəticə yoxdur”.
Önləyici tədbirlər görülməlidir
Ümumiyyətlə, ölkə ərazisindəki körpülərin durumuna necə nəzarət edilir? Körpülər istismara verildikdən sonra onlara nəzarəti kim həyata keçirir? Nəzarət mexanizmi necədir, monitorinqlər hansı intervalla aparılır?
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyevin sözlərinə görə, Azərbaycanda yol infrastrukturunda inşa edilən qurğuların keyfiyyətində problem olmasa da, istismarında bəzi boşluqlar var. Bu hallar dünyanın fərqli nöqtələrində də müşahidə edilir:
“Qlobal istiləşmə, iqlim dəyişikliyi süni qurğularda fəsadsız ötüşmür. Amma qabaqlayıcı tədbirlər görülməlidir. Məsələn, Türkiyədə sonuncu dəfə qeydə alınan genişmiqyaslı yeraltı təkanlardan sonra Azərbaycan Dəmir Yolları (ADY), Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ölkənin yol infrastrukturunda mütəmadi monitorinq aparılması ilə bağlı məlumatlar paylaşırlar. Bunu daha intensiv şəkildə etmək lazımdır. Tək yol infrastrukturu deyil, bütün infrastrukturlar təftiş olunmalıdır. Çünki qəza qaçılmazdır, təbii hadisələr fonunda isə dəyişikliklər mütləq olur. Əsas məqsəd insan tələfatına yol verə biləcək halların qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlərin zamanında görülməsidir. Artıq şimal və cənubda intensiv yağışlardan sonra iki körpünün dağılmasının şahidi olduq. Bundan öncəki illərdə belə hadisələr qeydə alınmamışdı. Ona görə də, aidiyyəti üzrə müvafiq qabaqlayıcı tədbirlərin görülməsini zəruri edən məqamlar müşahidə edildikdə dərhal tədbirlər görülməlidir”.