9 oktyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.
XİN-dən Pravda.az-a bildirilib ki, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regiondakı mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində ölkəmiz tərəfindən atılan addımlar barədə fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov ölkəmizin ərazisində qanunsuz mövcudluğunu davam etdirən erməni silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq başlayan anti-terror tədbirləri, onları şərtləndirən səbəblər barədə qarşı tərəfi məlumatlandırıb, Ermənistanın beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə istiqamətlənən qondarma qarayaxma təbliğatının bölgədəki reallıqları əks etdirmədiyini vurğulayıb.
Ermənistan tərəfinin sülh prosesinə ciddi təhlükə altına alan, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş bəyanat, ritorika və təxribatlarının hələ də davam etdirildiyini diqqətə çatdıran nazir Ceyhun Bayramov bu kimi addımların regionda davamlı sülhün bərqərar edilməsinə yönələn səy və təşəbbüslərə xələl gətirdiyini bildirib.