9 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası çərçivəsində ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini Mehdi Səfərini qəbul edib.
XİN-dən Pravda.az-a bildirilib ki, görüş zamanı Azərbaycan-İran münasibətlərinin gündəliyində duran bir sıra məsələlər müzakirə olunub və son dövrlər həyata keçirilən qarşılıqlı yüksək səviyyəli səfərlərin və görüşlərin münasibətlərin daha da irəli aparılmasına öz müsbət töhfəsini verdiyi vurğulanıb.
Tərəflər Şimal-Cənub nəqliyyat dəhlizinin, həmçinin bu marşrutla bərabər, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının icrası istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadilə aparıblar. İqtisadi-ticarət əlaqələrinin dinamikasının artması məmnunluqla qeyd edilib və bu xüsusda, iki ölkə arasında Hökumətlərarası Komissiyanın fəaliyyəti yüksək qiymətləndirilib.