Bu gün Milli Məclis İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edib.
Pravda.az xəbər verir ki, bəyanatda deyilir:
"Ümummilli Liderimiz Heydər Əliyevin təməlini qoyduğu inkişaf strategiyasını yeni çağırışlar şəraitində layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev heyrətamiz şəxsi keyfiyyətləri, xalq və dövlət qarşısında müstəsna xidmətləri ilə yeni tarixi dövrün milli lideri səviyyəsinə yüksəlmişdir. Onun rəhbərliyi ilə 20 il öncə həyata keçirilməyə başlanan uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır. İlham Əliyevin siyasət sənətinin incəliklərinə dərindən bələdliyi, fenomenal liderlik qabiliyyəti və yaradıcı dövlətçilik təfəkkürü, yenilməz əzmi və iradəsi ölkəmizin müasir simasını müəyyənləşdirməklə yanaşı, Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini kökündən dəyişmişdir. Milli və dövlətçilik maraqlarımızın qorunması və irəli aparılması, ölkəmizin potensialının artırılması üçün görülən ardıcıl tədbirlər Azərbaycanı öz tarixinin ən qüdrətli dövlətinə və regional güc mərkəzinə çevirmişdir.
Ölkə iqtisadiyyatında sürətli və davamlı inkişaf dövrü yaşanmışdır. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəhəng transmilli layihələr qlobal iqtisadiyyatda mühüm rol oynayır. Energetika sektorunda əldə edilən nailiyyətlər nəinki ölkəmizin enerji müstəqilliyini təmin etmiş, həm də Avrasiyanın energetika xəritəsini dəyişdirmişdir. Hazırda Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində iş aparılır.
Çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanın iqtisadi mənzərəsini daha da zənginləşdirmişdir. Ölkəmiz Avropa ilə Asiyanı bir-birinə sıx bağlayan nəqliyyat-logistika mərkəzinə çevrilmişdir. Qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatının, informasiya texnologiyalarının və turizmin inkişafı dayanıqlı iqtisadi tərəqqi amillərindən biri olmuşdur.
2013-cü ildə ilk peykinin buraxılmasından sonra Azərbaycan kosmik klubun üzvü olmuşdur və bu gün kosmik fəzanın istifadəsi sahəsində fəaliyyətini 3 peyklə davam etdirir. Ölkəmizin kosmik strategiyası uzunmüddətli perspektivə yönəlmişdir və dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Həyata keçirilən əsaslı islahatlar dövlət idarəçiliyi sistemini müasir tələblər səviyyəsində qurmağa imkan vermişdir. Ölkənin siyasi həyatı müasir çağırışlara uyğunlaşdırılmış, çoxpartiyalı sistem təkmilləşdirilmişdir.
İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası cəmiyyətin siyasi həyatında önəmli rol oynayır. Digər siyasi qüvvələrin, o cümlədən müxalif partiyaların sərbəst fəaliyyəti üçün hüquqi əsaslar təkmilləşdirilmişdir. Milli-mənəvi dəyərlərin qorunması, elm və təhsilin, mədəniyyət və incəsənətin inkişafı sahəsində əməli addımlar atılmışdır.
Azərbaycanda qanunun aliliyi təmin edilmiş, insan hüquqlarının və azadlıqlarının qorunması dövlətin ali məqsədinə çevrilmiş, vətəndaş cəmiyyətinin inkişafına əlverişli şərait yaradılmışdır. Həyata keçirilən düşünülmüş tədbirlər sayəsində ölkəmiz dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Azərbaycanın dünyaya təqdim etdiyi demokratik cəmiyyət nümunəsi etnik mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verilməsinə, bütün xalqların mədəni sərvətlərinin, müxtəlif dinlərə etiqad edən insanların mənəvi dəyərlərinin qorunmasına və inkişafına əsaslanır.
Müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələrini bir araya gətirən dünya və Avropa miqyaslı tədbirlərin ölkəmizdə keçirilməsi ənənə halını almışdır. Bakı nüfuzlu beynəlxalq toplantılara, humanitar forumlara, mədəniyyətlərarası dialoq məclislərinə, böyük idman yarışlarına evsahibliyi edir.
Hər bir azərbaycanlının Prezidenti olmağı bacaran İlham Əliyev Azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə ölkədə milli həmrəyliyin möhkəmləndirilməsini daim diqqət mərkəzində saxlayır. Sayına və intellektual potensialına görə dünyanın qüdrətli xalqları ilə bir sırada dayanan Azərbaycan xalqının mütəşəkkil qüvvə kimi formalaşmasının dəstəklənməsi üçün görülən işlərin miqyası ildən-ilə genişlənir. Dünya azərbaycanlılarının bir-biri ilə və tarixi Vətənlə əlaqələrinin güclənməsinə, diaspor təşkilatlarının formalaşmasına, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan soydaşlarımızın hüquq və mənafelərinin, təhlükəsizliyinin, milli kimliyinin qorunmasına, onların inkişafına, Azərbaycan dilini, ənənələrini və mədəniyyətini qoruyub saxlamasına, dəfələrlə soyqırımına və deportasiyaya məruz qalmış Qərbi azərbaycanlıların hüquqlarının bərpasına və zorla tərk etməyə məcbur olduqları ata-baba torpaqlarına qayıtmasına kömək göstərilməsi dövlət siyasətinin ayrılmaz tərkib hissəsini təşkil edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının xarici siyasət konsepsiyasının həyata keçirilməsi sahəsində parlaq nailiyyətlər əldə edilmişdir. Bir çox dünya dövlətləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurulmuş, beynəlxalq təşkilatlar çərçivəsində fəal iş aparılmışdır. 2012–2013-cü illərdə dövlətimizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük uğurlardan biri olmuşdur.
Azərbaycanın beynəlxalq nüfuzunu göstərən digər mühüm bir hadisə dünyanın BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatının yekdil qərarı ilə 2019–2022-ci illərdə dövlətimizin bu quruma sədr seçilməsi və yenidən yekdil qərarla sədrlik müddətinin daha bir il uzadılması olmuşdur. Hərəkata sədrlik dövründə Prezident İlham Əliyev ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorumuşdur. 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılması Azərbaycanın uğurlu sədrliyinin nəticələri olmuşdur.