Cari ilin iyul ayında Şuşa Qlobal Media Forumunda Estoniyanı təmsil edən jurnalist Thea Karin Estoniyanın nüfuzlu “Reisimaailm” jurnalında geniş məqaləsi dərc olunub. Müəllif məqalədə Bakının çoxlu parkları, yaşıllıqları, gözəl köhnə şəhəri və Xəzər dənizinə fantastik mənzərəsi olan bənzərsiz bir şəhər olduğunu qeyd edir. Yazır ki, axşamlar şəhər daha da cazibədar görünür. AZƏRTAC məqaləni təqdim edir.
Qarabağda Beynəlxalq Media Forumu
İyulun 20-24-də Şuşada keçirilən “New Media in the Era of the 4th Industrial Revolution” media forumuna biz əsrarəngiz təbiətli gözəl dağ yolları ilə getdik, hər tərəfdə dağılmış binalar və minalarla bağlı xəbərdarlıq işarələri görürdük.
İlk olaraq, Füzuli Beynəlxalq Hava Limanına endik. Yaxınlıqda 2020-ci ildə ermənilərə qarşı döyüşlərdə şəhid olan əsgərlərin xatirəsinə abidə ucaldılıb. Bu gün Füzuli xarabalığa çevrilmiş bir ruhlar şəhərini xatırladır – burada yalnız bərpa işləri aparmağa və Bakıdakı kimi parklar salmağa çalışan inşaatçılar gözə dəyir.
Forumun əsas diqqət çəkən məqamlarından biri Baltikyanı, Ərəbistan, Afrika və Rusiyadan gəlmiş jurnalistlərin suallarını iki saatdan artıq yorulmadan cavablandıran Azərbaycan Prezidenti İlham Əliyevlə görüş idi. O, ingilis, rus və türk dillərində mükəmməl danışırdı. Prezident bizimlə Qarabağın yaxın gələcəyinin necə olacağı, eyni zamanda, regionda bir milyona yaxın minanın təmizlənməsi ilə bağlı görülən işlər haqqında çoxlu maraqlı məlumatlar paylaşdı.
Belə görünür ki, torpağı minalardan təmizləmək üçün ən azı on beş-iyirmi il vaxt lazım olacaq.
Prezidentlə görüşdən sonra növbəti gün jurnalistlərin gələcəyi üçün vacib olan mövzulara, məsələn, medianın yaxın gələcəyinə və Vaşinqtondan gəlmiş bir panel iştirakçısının “xəbərlərin öldüyünü” söyləməkdə haqlı olub-olmamasına həsr olundu. Jurnalist üçün ən böyük təhlükənin birbaşa münaqişə gedən ərazidə deyil, sülh dövründə ölməsinin olduğunu, süni intellektin və chatGPT-nin ümumilikdə bizim və jurnalistlərin həyatına nələrin gətirdiyini, eləcə də təhlükəsizlik məsələləri haqqında müzakirələr etdik.