"Sərhədçi” idman kompleksində kikboksinq üzrə məşqçi olmuş Nurani Qalabəylinin qətlində ittiham olunan həyat yoldaşı Əfsanə Qalabəylinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Pravda.az "Teleqraf.com"a istinadən bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Nurani Qalabəylinin hüquqi varisi, atası və şahidlərin iştirakı etmədiyi elan edilib.
Hakim deyib ki, cinayət işini araşdıran məhkəmənin tərkibində dəyişiklik olub. Bundan əvvəlki hakim heyətində olan Rahib Salmanovun vəfat etməsi ilə bağlı yeni məhkəmə tərkibi formalaşdırılıb.
Hazırkı prosesə hakim Siyavuş Hacıyevin sədrlik edəcəyi, tərkibdə isə hakimlər - Aytən Əliyeva və Vüqar Quliyevin təmsil olunacağı elan edilib.
Hakim Siyavuş Hacıyev deyib ki, bundan əvvəlki tərkibdə işi araşdıran hakim heyəti şahidləri dindirib. Yeni tərkibdə də şahidlərin dindirilməsi üçün müvafiq qərar qəbul olunacaq.
Daha sonra hakim Siyavuş Hacıyev deyib ki, bundan əvvəlki hakim tərkibi Əfsanə Qalabəylinin barəsində məhkəmə tibbi və pataloji ekspertizanın keçirilməsi ilə bağlı qərar qəbul edib.
Bu günlərdə təyin olunmuş ekspertizalar rəyi məhkəməyə daxil olub. Həmin rəylərdən birindən məlum olur ki, Əfsanə Qalabəyli cinayəti törədən zaman anlaqlı vəziyyət də olub.
Amma hadisəni törədən sonra pisixi sarsıntı keçirib. Ekspertiza rəyində qeyd olunub ki, Əfsanə Qalabəyli hadisəni törədəndən sonra psixoloji və fizioloji affekt vəziyyətinə düşüb. Hazırda Əfsanə Qalabəyli etdiyi hərəkətləri dərk edə bilmir, heç nə başa düşmür, özünü idarə etmək iqtidarında deyil.
Hakimin sözlərinə görə, rəydən məlum olur ki, Əfsanə Qalabəyli Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür.
Hakim deyib ki, istintaq orqanından iş məhkəməyə daxil olan zaman şəxs anlaqsız vəziyyətdə olursa, o zaman ona qanuni nümayəndə təyin olunur, işlə birlikdə həmin qanuni nümayəndə də məhkəməyə daxil olur.
Dövlət ittihamçısı Çövdət Mehrəliyev isə bildirib ki, hazırkı mərhələdə təqsirləndirilən şəxsə qanuni nümayəndənin təyin olunması düzgün deyil. Onun sözlərinə görə, hazırkı mərhələdə həmin rəy sübut kimi qəbul edilə bilməz: "Çünki ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin əməli anlaqsız vəziyyətdə olması ortaya çıxmış olsaydı, o zaman istintaq ona qanuni nümayəndə təyin edirdi. Hazırda proses yenidən başlayır. Həmin rəy də araşdırılmalıdır".
Əfsanə Qalabəylinin vəkili Zibeydə Sadıqova bildirib ki, müvəkkilinin özünü idarə edə bilməməsi qara hərflərlə rəydə yazılıb: "Həmin rəyə 4 həkim imza atıb. Belə olan halda Əfsanə Qalabəylinin hüquqlarının pozulmaması üçün qanuni nümayəndənin təyin olunması vacibdir. Bu, işin araşdırılması üçün əsasıdır. Çünki Əfsanə Qalabəyli özünü dərk edə bilmir. Mən prosesdən əvvəl onunla danışsam da, məni anlamadığını başa düşdüm. Hazırda iş üzrə qanuni nümayəndə təyin olunması üçün qərar qəbul edəlməldir. İşin sonrakı mərhələsində bu məsələyə baxıla bilər".
Hakim də vurğulayıb ki, məhkəməyə daxil olan ekspertiza rəyinə 4 həkim imza atıb, bu rəy işə əlavə olunub və araşdırılmalıdır.
Hakim onu da xatırladıb ki, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmaması üçün qanuni nümayəndəni məhkəmə təyin edir. Hakim Əfsanə Qalabəylinin anasının qanuni nümayəndə kimi tanınması barədə qərar qəbul edib və məhkəmə iclaslarında iştirak etməsinin təmini barədə qərar qəbul edib.
Daha sonra hakim qeyd edib ki, bundan əvvəlki hakim heyəti məhkəmə istintaqının başlayıb, ittiham elan edilib, təqsirləndirilən şəxs, şahidlər dinlənilib.