Son günlər icra hakimiyyəti başçılarının həbsindən sonra cəmiyyətdə ciddi müzakirələr başlanıb. İnsanlar hər həbsin digər icra başçılarına dərs olmamasını müzakirə edir və bunun səbəbləri ilə maraqlanırlar. Ağ Partiyanın başqanı Tural Abbaslı isə hesab edir ki, icra hakimiyyətlərində baş alıb gedən rüşvət və korrupsiyanı aradan qaldırmaq üçün ictimai nəzarət güclü olmalıdır.
Onun fikrincə, bunun üçün ən azından icra başçısı müavini vəzifəsinə müxalifətçilər gətirilməlidir: “Niyə icra hakimiyyətlərinin birinci müavinləri müxalifətçilər olmasın? Niyə icra hakimiyyətləri strukturlarına rəhbərlik müxalifət partiyalarının nümayəndələri arasından seçilmir? Ən azından bir nəzarət olar. İcra başçısı da bilər ki, onu təkcə DTX güdmür, müavini, bu strukturdakı digər müxalifətçilər də nəzarət mexanizmi həyata keçirirlər. Yanaşma dəyişmədikcə bu, həbslər davam edəcək. Operativ Qərargahda bir müxalifət nümayəndəsi, jurnalistin olmaması da bunun kimi. 3 milyard manat vəsaiti xərcləməli olan quruma nəzarət edənlər arasında jurnalistlər də olmalıdır, müxalifətçilər də. Kənd icra nümayəndələrinin üçdə biri müxalifət olsaydı, bir-birinə nəzarətli, hesabatlı olardı. İndiki halda icra başçıları yerlərdə özlərini xan kimi aparırlar”.