Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin birinci müddətə prezident seçilməsindən 20 il ötür.
Pravda.az xatırladır ki, İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76.8 faiz səsini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilib.
2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə prezident seçilmiş İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi irsini davam etdirərək, onun yaratdığı möhkəm təməl əsasında Azərbaycan dövlətini strateji hədəflərə doğru uğurla aparıb.
İlham Əliyev Azərbaycanın zəngin və qüdrətli ölkəyə çevrilməsi üçün güclü iqtisadi potensialın formalaşdırılması, müasir cəmiyyət quruculuğu, qüdrətli Silahlı Qüvvələrin yaradılması, beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsini əsas hədəf müəyyən etmişdi.
Yekunda Azərbaycan regionda aparıcı dövlətə, dünyada çəkisi və nüfuzu olan söz sahibinə çevrildi.
Prezident İlham Əliyevin parlaq liderliyi ilə tarixi qələbələrə imza ataraq güclü, suveren və müstəqil Azərbaycan firavan gələcəyinə doğru zəfər yolunu inamla davam etdirir.
İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsi istiqamətində böyük nailiyyətlər əldə edib.
2011-ci ilin oktyabrında Azərbaycanın 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv seçilməsi və iki il ərzində uğurlu fəaliyyəti ABŞ, Çin, Rusiya, Böyük Britaniya, Fransa kimi daimi üzvlərlə birgə Azərbaycanın dünyanın bir nömrəli beynəlxalq təşkilatının ən ali qurumunda iştirakı və sədrliyi ölkənin qazandığı nüfuz və etimadın göstəricisidir.
2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatının (QH) üzv ölkələrinin yekdil qərarı ilə QH-yə sədrliyi həyata keçirməyə başlayıb. Azərbaycanın sədrliyi dövründə QH-nin beynəlxalq aləmdə nüfuzunun artması və səmərəli fəaliyyəti ölkəmizin Hərəkata sədrliyinin daha 1 il uzadılmasına səbəb olub.
Prezident İlham Əliyevin təşəbbüsü ilə QH pandemiya ilə mübarizədə qlobal lider rolunu öz üzərinə götürüb və dünya ictimaiyyətini bu təhdidlə mübarizədə səfərbər edib. Azərbaycanın təşəbbüsü ilə QH tərəfindən həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edilib.
Türk Dövlətləri Təşkilatının güclənməsi və nüfuzunun artmasında İlham Əliyev və Azərbaycan faktoru var.
Prezident İlham Əliyevin hakimiyyəti dövründə iqtisadi göstəricilər aşağıdakı kimidir:
- 2003-2022-ci illərdə Azərbaycanda ÜDM 7.3 milyard dollardan 78.7 milyard dollara yüksəlib;
- dövlət büdcəsinin xərcləri 1.2 milyard manatdan 36.6 milyard manata çatıb;
- strateji valyuta ehtiyatları 1.4 milyard dollardan 66.1 milyard dollara qədər artıb;
- orta aylıq əmək haqqı 77.4 manatdan 839.4 manata yüksəlib;
yoxsulluq səviyyəsi 44.7%-dən 5.5%-ə enib.
Əsası 1994-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.