Blinkenin dilindən ortaya atılan "Azərbaycanın yaxın həftələrdə Ermənistanın cənubunu ələ keçirmək planı” haqda iddia Zəngəzur dəhlizi və sülh danışıqları ətrafında kəskinləşən geosiyasi intriqanın tərkib hissəsidir.
Bu iddianın tirajlanmasında Ermənistan və erməni diasporu/lobbisinin Bakıya qarşı beynəlxalq cəbhənin qurulmasına nail olmaq marağı var, hərçənd, əsas diqqətçəkən məqamlardan biri rəsmi Vaşinqtonun sərgilədiyi mövqe oldu: Dövlət Departamenti iddianı şərh edərkən, "davamlı sülhə çalışdıqlarını” və "gücdən istifadənin qəbuledilməzliyi”ndən bəhs etdi, hərçənd, iddia Blinkenin adından başqa bir ölkəni "işğalçılıqda” ittiham etməkdən ibarətdir və rəsmi təkzib ən azı daha konkret olmalı idi;
Departamentin açıqlaması ikibaşlıdır və bu, belə iddianın tirajlanmasında ABŞ-ın da maraqlı olduğu, Bakıya mesajın verildiyi şübhəsini ön plana çıxarır. Və Vaşinqtonun hədəfinin danışıqlar prosesində Qərb platformasını yenidən aktuallaşdırmaq olduğu görünür.
Fransanın təşəbbüsü ələ almaq cəhdləri Qərbin Bakı-İrəvan xəttində vasitəçiliyini risk altına salıb, Əliyevin Qranada görüşündən imtina etməsi, bölgədəki problemlərin region ölkələri arasında həll olunması tezisindən çıxış etməsi də bu riskin reallığından xəbər verir. Bununla yanaşı, Qarabağda erməni separatizmini ləğv edən rəsmi Bakının kommunikasiyanın açılması və sərhədin delimitasiyası tələbləri Qərb masasında qarşılanmır, xüsusilə Ermənistanın 10 noyabr bəyanatında Naxçıvana maneəsiz keçidin verilməsi – Zəngəzur dəhlizi – öhdəliyinin icrası baxımından. Bu situasiya Rusiyanın vasitəçiliyinin önünü açır və mümkündür ki, İrəvanın ən azı dörtərəfli formatda – Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan – görüşə razı salınması istiqamətində addımlar atılacaq.