Yasamal rayonunda iki azyaşlı qızı ilə birgə özünü binanın beşinci mərtəbəsindən atan 26 yaşlı Aytən Abbasovanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. “Qafqazinfo”nun məlumatına görə, məhkəmə istintaqının gedişində hadisənin baş verməsinə gətirib çıxaran detallar açıqlanıb.
İttihamda deyilir ki, A.Abbasova bir evdə yaşadığı qayınanası ilə mütəmadi olaraq dava edib. Sonuncu dava zamanı ona zərbələr endirib. Bundan sonra qayınanası bu haqda Rusiyada yaşayan oğluna – Aytənin əri Suslana zəng vurub gəlininin onun 60 illik yubileyini təbrik etmək əvəzinə dalaşdığını bildirib.
Anasının narahatlığına görə Suslan arvadına zəng vurub acıqlanıb, Bakıya qayıdacağını və onu cəzalandıracağını deyib. Bundan əsəbiləşən Aytən onlardan qisas almaq qərarına gəlib, özünü uşaqları ilə birlikdə binadan ataraq intihar etmək istəyib.
Həmin gün o, övladları ilə birlikdə özünü binanın 5-ci mərtəbəsindən yerə atıb. Nəticədə üç yaşlı S.A. ölüb, ana və digər qızı isə xəstəxanaya yerləşdiriliblər.