“1990-cı illərin sonunda bir işə baxırdım - 15 yaşında oğlan oğurluq etdiyinə görə həbs olunmuşdu. Kimsəsiz idi, ata-anası yox idi. Mən araşdırıb onun nənəsini tapdım”. Bu sözləri Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Tamila Nəsrullayeva e-huquq.az-a müsahibəsi zamanı deyib. Müsahibəni təqdim edirik:
- Tamila xanım, hakimlik fəaliyyətiniz 30 ildən artıq bir dövrü əhatə edib, bu müddət ərzində xeyli sayda işlərə baxmısınız. Əlbəttə, onların hamısını xatırlamağınız mümkün deyil. Bəs elə bir iş olub ki, illər keçsə də, yaddaşınızdan silinməyib?
- Bəli, 31 il hakim kimi çalışmışam. 20 il məhkəmə sədri olmuşam. 1987-2000-ci illərdə Bakı Şəhəri Kirov - indiki Binəqədi Rayon Məhkəməsinin, 2000-2007-ci illərdə isə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin sədri kimi çalışmışam. 2007-ci ildə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə hakim təyin olunmuşam. 2011-ci ildən isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışmışam və 2018-ci ildə həmin məhkəmədən yaş həddi ilə əlaqədar təqaüdə çıxmışam.
1987-ci ildə ilk dəfə məhkəmə sədri təyin olunarkən bu işin öhdəsindən gələ biləcəyimə inanmırdım. Fikirləşirdim ki, hakimlik təcrübəm yoxdur, mənim üçün çətin olacaq. Lakin mən bu təyinatadək Bakı Şəhər Partiya Komitəsində İnzibati Orqanlar Şöbəsində məhkəmə kuratoru kimi çalışmışdım, beş il ərzində Bakı şəhəri üzrə məhkəmələrin kuratoru olmuşdum. Yəni məhkəmələrin fəaliyyəti ilə bağlı təcrübəm var idi. Ona görə də məsləhət oldu ki, mən həmin məhkəməyə sədr təyin olunum. İnzibatçılıq təcrübəmə görə mənə etimad göstərildi və bu işin öhdəsindən gələ biləcəyimə inandırdılar məni. Gənc hakim idim, fəaliyyətimin ilk illərində çətinliklərim oldu. Amma mən öz məsuliyyətimi dərk edirdim, işimə məsuliyyətlə yanaşırdım. Özüm üçün bir fikri deviz etmişdim: “Gənc hakim anlayışı yoxdur. Yaşından asılı olmayaraq, hakim öz məsuliyyətini dərk etməli və peşəkar olmalıdır. Axı biz insanların taleyi ilə bağlı qərar veririk”. Sədri olduğum məhkəmənin hakimlərinə də həmişə bunu deyirdim.
Sualınıza gəlincə isə, bəli, icraatımda elə işlər olub ki, mən onları hələ də xatırlayıram. Xüsusən də, yetkinlik yaşına çatmayanların cinayət işləri ilə bağlı elə hallar olub ki, mənə çox təsir edib. Yadımdadır ki, 1990-cı illərin sonunda bir işə baxırdım - 15 yaşında oğlan oğurluq etdiyinə görə həbs olunmuşdu. Kimsəsiz idi, ata-anası yox idi. Mən araşdırıb onun nənəsini tapdım. Zəng etdim, vəziyyəti ona danışdım. Məlum oldu ki, nənə Lənkəran rayonunda yaşayır. Dedi ki, mənim Bakıya gəlməyə, uşağa yiyə durmağa imkanım yoxdur. Mən başa düşürdüm ki, bu uşaq ehtiyacdan oğurluq edib, məcbur olub. Ona görə də həbs olunmasını istəmirdim. Əslində, iki ildən beş ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilərdi, amma məhkəmə ona şərti cəza verdi. Uşağı icraçı ilə birlikdə nənəsinin yanına - Lənkərana göndərdim. Qadından da xahiş etdim ki, ona nəzarət etsin. Çünki tək qalıb eyni əməlləri yenidən törətməsindən narahat idim. Hətta həmin oğlan ara-sıra mənə zəng edirdi, danışırdıq. Sonradan isə xəbərim olmadı ondan, amma bilirəm ki, bir daha cinayət əməllərinə qarışmadı. Həmin hadisə yeniyetmə ilə birgə Lənkərana göndərdiyim icraçının da yadından çıxmayıb, bəzən rastlaşanda mənə xatırladır ki, “Tamila xanım, məni uşaqla birgə Lənkərana göndərməyiniz yadınıza gəlir?”
Başqa bir hadisə isə yeniyetmənin öz sinif yoldaşını bıçaqlaması ilə bağlı olub. Məsələ ondan ibarət idi ki, zərərçəkmiş sinifdə təqsirləndirilən şəxsin anasını söyüb. O da qəzəblənərək həmin oğlanı bıçaqlayıb. Məlum oldu ki, təqsirləndirilən şəxs beş yaşında olarkən anası dünyasını dəyişib. Məhkəmədə elə ağlayırdı ki... Bu, mənə çox pis təsir etmişdi. Həmin yeniyetməyə də üç il şərti cəza verildi. Ümumiyyətlə, mən həmişə çalışmışam ki, yetkinlik yaşına çatmayanlar barədə həbsə bağlı olmayan cəzalar təyin edim.
Mənə çox təsir edən digər bir hadisə isə dörd yaşlı qız uşağının qonşusu tərəfindən təcavüzə uğrayaraq öldürülməsi ilə bağlı idi. Bu, çox dəhşətli idi. Həmin şəxs azyaşlını öz həyətində basdırıb, sonra da hadisədən xəbəri yoxmuş kimi qızın ailəsi ilə birlikdə guya uşağı axtarmağa kömək edirmiş. Ona ömürlük azadlıqdan məhrumetmə cəzası verildi. Dedim ki, ona 20 il iş versək, 50 yaşında çıxıb yenə eyni şeyi edə bilər.
Lakin fəaliyyətim dövründə mənə ən çox təsir edən və heç vaxt unutmayacağım iş 2009-cu il aprelin 30-da Neft Akademiyasında törədilən kütləvi qətllə bağlı olub. O işə bizim tərkib baxmışdı. Düzdür, hakim emosiyalarını büruzə verməməlidir, lakin proseslərdə bəzən göz yaşlarımı saxlaya bilmirdim. İnanmaq olmurdu ki, belə böyük faciə baş verib. Ağıllı, savadlı, gələcəyi olan gənclərimizin belə bir terrorun qurbanı olması çox pis təsir edirdi. Zərərçəkmişlərin ailə üzvlərinin çıxışları, onların dediyi sözlər çox təsirli idi. Ümumiyyətlə, hakimlik fəaliyyətimin ən çətin dövrü Ağır Cinayətlər Məhkəməsində olub. O qədər ağır işlər olurdu, o qədər dəhşətli hadisələr görürdüm ki, bu də mənə çox mənfi təsir edirdi.
- Uzun illər məhkəmə sahəsində çalışmısınız, məhkəmə sədri, hakim olmusunuz. Sizcə, hakim kimi necə yadda qalmısınız?
- Əslində, özüm-özümə qiymət verməyim, əlbəttə ki, düzgün deyil. Amma bu gün insanlardan gördüyüm münasibət onu deməyə əsas verir ki, mən onların sevgisini, hörmətini qazanmışam. Bu gün xoşbəxtəm ki, övladlarım mənə görə heç vaxt xəcalət çəkməyiblər. Məni tanıyanlar harada görürlərsə, yaxınlaşıb xoş sözlər deyirlər. Bu, mənim üçün hər şeydən dəyərlidir. Təqaüdə çıxanda düşünürdüm ki, bir daha işləməyəcəyəm. Çünki çox yorulmuşdum və istirahətə ehtiyacım var idi. Bir neçə ay işlərdən tamamən uzaqlaşdım, sırf istirahətə zaman ayırdım. Lakin bir müddət sonra hiss etdim ki, işləmək istəyirəm, evdə oturmaq istəmirəm. 2019-cu ildə vəkillik fəaliyyətinə başladım. Ondan sonra insanlarla daha sıx ünsiyyətdə oldum, tədbirlərdə və s. tez-tez iştirak etməyə başladım. Görürdüm ki, insanlar mənə necə sevgi və hörmətlə yanaşırlar. İnanın, bu məni çox kövrəldirdi, çünki bu hörməti qazanmaq asan deyil. Deməli, onlar məni yaxşı hakim kimi, yaxşı insan kimi tanıyıblar. Əgər mən belə münasibət görməsəydim, işləyə bilməzdim.
- Hazırda vəkil kimi fəaliyyət göstərirsiniz. Maraqlıdır, uzun illər hakim kimi daxil olduğunuz məhkəmə zallarına indi vəkil kimi gedərkən necə hiss edirsiniz? Hakim kürsüsü üçün darıxırsınızmı?
- Darıxmaq deməzdim. Çünki kifayət qədər hakimlik fəaliyyətim olub. İndi isə vəkil kimi çalışmaqdan çox məmnunam. Məhkəmə zalları, əlbəttə, mənə çox doğmadır. Özümü məhkəmədə heç vaxt yad kimi hiss etmirəm. Sadəcə, fəxr edirəm ki, mən də hakim olmuşam. Çünki bu, çox şərəfli bir peşədir. Məhkəmələrimizin hazırkı vəziyyətini, inkişafı görəndə çox sevinirəm. Məhkəmələrin maddi-texniki təchizatı, iş şəraiti, hakimlərin maddi təminatı və s. yaxşılaşdırılır. Həqiqətən, böyük irəliləyişlər var.
- Cəmiyyətdə məhkəmələrə, hakimlərə münasibət birmənalı deyil. Məhkəmə hakimiyyəti barədə tez-tez tənqidi fikirlərə rast gəlirik. Siz bunun səbəbini nədə görürsünüz? İnsanları məhkəmələrdən narazı salan hansı çatışmazlıq və ya nöqsanlar var?
- Düşünmürəm ki, narazılıq üçün hansısa böyük səbəblər var. Müəyyən çatışmazlıqlar, nöqsanlar varsa da, onlar da zamanla aradan qalxacaq. Bilirsiniz, məhkəmədə uduzan tərəf olur, udan tərəf olur. Uduzan tərəf həmişə narazı qalır. Uduzan tərəf gedir öz ətrafına, dost-tanışına da danışır ki, məhkəmə ədalətsiz qərar çıxardı, filan hakim işə düzgün baxmadı və s. Artıq başqalarında da məhkəmə haqqında mənfi fikirlərin yaranmasına təsir edir. Onları da başa düşmək olur, istəyirlər ki, məsələ öz xeyirlərinə həllini tapsın. Lakin hər kəs bilməlidir ki, qanun çərçivəsində həll olunmalıdır məsələlər. Önəmli olan odur ki, qərarlar qanuni və ədalətli olsun. Bundan başqa, bəzi insanlar da var ki, qərəzli şəkildə məhkəmələri, hakimləri gözdən salmağa çalışırlar. Cəmiyyətdə məhkəmə hakimiyyəti barədə mənfi rəyin formalaşmasında həmin qüvvələrin də rolu var.
Ümumiyyətlə, mən hakimlərimizdən çox razıyam, bugünkü hakimlər çox savadlı, hazırlıqlı hakimlərdir. Elə bir neçə gün öncə də yeni hakim təyinatları oldu. Sevindiricidir ki, hakimlərin sayı artır və onların çoxu savadlı gənclərdən ibarətdir. Yeni təyin olunan hakimlərin əksəriyyətini qadın hakimlər təşkil edir, məncə, bu, çox yaxşı haldır.