Azərbaycan suverenliyini bərpa etdikdən sonra da erməni amili üzərindən bölgədəki maraqlarını tətbiq etməyə çalışan qüvvələr planlarından əl çəkmir və növbəti, həm də son hesab edilə biləcək kartı oynamaq istəyirlər: Ermənistana gedən ermənilərin yenidən geri qaytarılması;
Bu məsələdə Rusiyanın öz, Qərbin öz maraqları var, lakin hər iki tərəf siyasi oyunu eyni alət üzərində qurur:
- Daha çox erməninin qayıtması Moskva üçün sülhməramlı kontingentinə ehtiyacın olması deməkdir;
- Qərb ölkələri, xüsusilə Fransanın başçılıq etdiyi cəbhə "beynəlxalq missiya” adı altında Qarabağa daxil olmaq, rusların yerini tutmaq istəyir;
Fransa "Ermənilərin Qarabağa qayıtması” məsələsini BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmağa və bununla bağlı qətnamənin qəbul edilməsinə hazırlaşır. Bu ölkənin xarici işlər naziri Ketrin Kolonna da açıq şəkildə bildirdi ki, "ermənilərin qayıda bilməsi üçün daimi beynəlxalq iştirak lazımdır və Fransanın əsas məqsədi də budur”.