15 oktyabr Azərbaycanın tarixinə suverenliyimizin tam bərpa edildiyi gün olaraq düşdü. Bu tarixi Prezident İlham Əliyev və onun qurduğu Azərbaycan Ordusu yazıb. Düz iki əsr sonra ilk dəfə məğlubiyyət sindromu qırıldı, tarixi ədalət bərpa olundu.
Ali Baş Komandan İlham Əliyev 2003-cü ildə ilk dəfə Prezident seçiləndə torpaqlarımızın azad olunacağını, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa ediləcəyini bəyan etmişdi. Tarix təsdiq etdi ki, Azərbaycan lideri o vaxt vəd vermirdi, əslində hədəfi göstərirdi və ölkəyə rəhbərlik etdiyi dövrdə bu müqəddəs məqsədə nail olmaq uğrunda durmadan çalışırdı. Qüdrətli Ordu yaratdı, iqtisadi müstəqilliyə nail oldu, Azərbaycanı dünya siyasətində qərarverici mövqeyə çıxardı. Və bütün bunların fonunda işğalçı Ermənistanı siyasi və iqtisadi layihələrdən kənarda saxlamağa nail oldu. Əgər I Qarabağ müharibəsində beynəlxalq şərtlər işğalçının xeyrinə idisə, Prezident İlham Əliyev bu şərtləri Azərbaycanın xeyrinə dəyişdi. Buna dərin zəkası, strateji ağlı ilə nail oldu.
Ən əsası Azərbaycanın ərazi bütövlüyü və suverenliyindən bir addım da geri çəkilməyərək, prinsipial mövqe sərgilədi. Məhz İlham Əliyevin bu qətiyyəti bizə bugünkü Zəfəri yaşadır. Əslində bu gün bölgədə baş verənləri nə dünya ölkələri, nə də Ermənistan təsəvvür belə etməzdi.
44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi. Lakin Qarabağda hələ də erməni separatizmi davam edir, üçüncü qüvvələrə arxalanaraq, “dövlətçik” oyunları oynayırdılar. Ermənistan da öz silahlı dəstələrini ərazimizdən çıxarmaqdan imtina etdi və separatçı-terrorçuları dəstəklədi. Rəsmi Bakı dəfələrlə xəbərdarlıq etsə də, bu vəziyyət dəyişmirdi. Ermənilər hesab edirdilər ki, hər şey bununla bitib və separatçıların mövcud olduqları ərazilərdə hansısa qondarma “qurum” yarada biləcəklər, Azərbaycan da bunu qəbul etməyə məcbur olacaq. Hərçənd ki, heç biri – nə Ermənistan, nə separatçılar, nə də onları dəstəkləyən ölkələr Prezident İlham Əliyevin qətiyyətini, zəkasını və strateji qabiliyyətini hesablaya bilməmişdi.
Azərbaycan lideri Vətən müharibəsindən sonra mühüm gedişlər etdi. Qarabağda ordumuzun mövqeləri gücləndirildi, strateji yüksəkliklərə nəzarət bərpa olundu və separatçıların ətrafında halqa daraldı. Laçın yoluna nəzarət gücləndirildi. Əvvəlcə vizual nəzarət edilsə də, yekunda Laçın sərhəd-keçid məntəqəsi quruldu və bununla “Laçın dəhlizi” tarixin zibilliyinə atıldı. Bu erməni separatizminin çıxış yolunun bağlanması demək idi. Daha sonra erməni əhalisinin təminatının Azərbaycan ərazisindən – Ağdam-Xankəndi yolundan həyata keçirilməsi irəli sürüldü və erməni separatizmini dəstəkləyən bütün qüvvələr fakt qarşısında qaldı.