Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə zərərçəkmiş Eldar Salmanov ifadə verib. Demokrat.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində zərərçəkmiş Eldar Salmanov bildirib ki, o, Vaqif Xaçatryanı tanıyır:
"Qonçə xalamı, Əvəz dayımı evin içinə qatdılar, evi yandırdılar. Vaqif Xaçatryan dəfələrlə bizim evdə çörək yeyib. Bu qırğını törətdi. Çox araşdırma aparmışam belə vəhşilik görməmişəm. Ölmüş meyitini gözünü çıxarırdılar. Qulaq kəsənlərə, döş kəsənlər, hamilə qadının qarnını yaranıb çıxaranlara yaxşı pul verirdilər. Meşəlikdə bu şəxslər insanlara zülm edirdilər. Bizim qatı düşmənimizdilər. Gözümüz qabağında Novruzun evinə od vurdular. Qızları içəridə diri-diri yandırdılar. Qapını atəşə tuturdular ki, evdən çölə çıxan olmasın. Novruz dayının qızışlarını yandırmasını gözlərim ilə gördüm".
Zərərçəkmiş deyib ki, Vaqif Xaçatryanla birlikdə sürücü işləyən Rəfinin oğludur.
Onun sözlərinə görə, kənddən yaşlı insanların, azyaşlı uşaqların çıxması barədə əvvəlcədən xəbərdarlıq etməyiblər.
O deyib ki, silahlı birləşmə kəndə qəfil hücum edib.
Qeyd edib ki, şəxsən Vaqif onların maşının qarşısını kəsiblər, həmin vaxt Vaqifi tanıyıblar. Sevinirlər ki, Vaqif tanışdır. Amma Vaqif də, onunla birlikdə olan şəxslər də maşını atəşə tutdular. Vaqifin əlində balta da vardı".
Zərərçəkmiş " Əvəz kişini evində çörək yemişdin, onun qızını, gəlinini niyə yandırdın" deyə sual etsə də, Vaqif Xaçatryan onun suallarına cavab verə bilməyib.
Daha sonra ifadə verən sabiq polis işçisi, Meşəli kəndinin sakini Nemət Rəcəbov ifadə verib.
Hadisələrin baş verməsindən danışan zərərçəkmiş ona ən layiqli cəza verilməsini istəyib.
Daha sonra zərərçəkmiş İlham Kazımov ifadə verib. Zərərçəkmiş şəxsin sözlərinə görə, Vaqif Xaçaturyanın özünü yox, atasını tanıyıb.
Meşəli kəndində hücum olmasından danışan zərərçəkmiş bildirib ki, həmin gün 25 nəfəri qətlə yetiriblər, 24 nəfər isə yaralanıb:
"Həmin hadisələr zamanı atam da şəhid oldu. Atam Xəlil ovçu idi. Onu vurdular ki, nişan ala bilməsin. Uşaqları da öldürdülər. Mənə Qaımova Nübar dedi ki, bizi Vaqifin dəstəsi qırdılar. Mən həmin hadisələrdən sonra Vaqifi tanıyıram. Vaqif tutulanda dedim ki, bizim düşmənimizi tutdular. Ona ömürlük cəza verilsin".
Zərərçəkmiş bildirib ki, Nübar Qasımova ayağında yaralanmışdı, əri isə həlak olmuşdu.