Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) icazəsi olmadan Azərbaycan Respublikasının hava məkanında heç bir hava gəmisinin səsdən iti sürətlə uçmasına yol verilməyəcək.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, aviasiya sahəsində fəaliyyətlə əlaqədar bu Qanun, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada müvafiq hüquqları təsdiq edən sənədləri almış fiziki və hüquqi şəxslər tərəfindən müntəzəm və qeyri-müntəzəm (çarter) uçuşların həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icazə verilir.
Digər dövlətə mənsub mülki hava gəmisi Azərbaycan Respublikasının hava məkanında yalnız Azərbaycan Respublikası ilə həmin dövlət arasında belə uçuşların nəzərdə tutulduğu beynəlxalq müqavilə bağlanıldıqda müntəzəm və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icazə verildikdə qeyri-müntəzəm (çarter) uçuşlar həyata keçirmək hüququna malikdir. Bu tələb həmçinin “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyaya əsasən funksiya və vəzifələri ötürülmüş hava gəmilərinə də şamil edilir.