Məşhur “O Səs Türkiyə” layihəsinin iştirakçılarından olan tanınmış opera müğənnisi Ülvi Qılınc Türkiyənin “Sənətsəl Fəaliyyətlər” saytına müsahibə verib.
Pravda.az həmin müsahibəni təqdim edir:
- Sizi daha yaxından tanımaq istərdik, Ülvi Qılınc kimdir? Qısaca oxucularımıza özünüz haqqında məlumat verə bilərsinizmi?
- Mən Ülvi Qılınc, Azərbaycanda, Bakıda doğulub böyümüşəm. Anam həkim, atam hüquqşünasdır. Mən də hüquq və konservatoriya məzunuyam.
- "O Səs Türkiyə" musiqi yarışmasında məşhur italyan mahnısı "O Sole Mio"nu böyük ustalıqla i̇fa edərək güclü ifanızla hər kəsi heyran etməyi bacardınız. Sizcə, bu uğurun sirri nədədir?
- Allahın verdiyi səs, sonra isə təhsildir. Yaxşı bir müəllimdən təlim almışam. Azərbaycanın ən güclü vokal professoru Elmira xanım Quliyevadan.
- Musiqi karyeranız necə başladı?
- Musiqi karyeram həyatımda heç vaxt düşünmədiyim bir şeydir. Amma uşaqlıqdan dünya şöhrətli sənətçilərə qulaq asmışam. Mario Lanza, Luçano Pavarotti, Maria Kallas, Monserrat Kaballe bunlara misaldır. Eyni zamanda Monserrat Kaballedən ustad dərsləri almışam. Bununla belə, həm də türk klassik musiqisinin həvəskarıyam. Bülent Ersoy, Zeki Müren, Adnan Şenses, Müzeyyen Senar və s.
- Ümumiyyətlə, indiyədək başqa ölkələrdə keçirilən belə yarışlarda iştirak etmisinizmi?
- Belə yarışlarda iştirak etməmişəm, amma Almaniyada keçirilən “Kammer Oper Schloss” yarışmasında birinci olmuşam, bu, daha peşəkar yarış idi. Branderburq Dövlət Simfonik Orkestri ilə dörd qala-konsert verdim.
- Niyə "O Səs Türkiyə" Musiqi Yarışması?
- Düşünmədən müraciət etdim. Heç bir səbəb yoxdur. Mənim üçün gözəl anlar idi.