Kriminal avtoritetin saxlanılması ilə bağlı Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsində yerləşən "Deluks" restoranında əməliyyat keçirilib. Qaynarinfo-nun məlumatına görə, əməliyyatın keçirilməsinə səbəb narkotik vasitələrin istifadəsində şübhəli bilinən, kriminal aləmdə "Yapon" ləqəbi ilə tanınan 1977-ci il təvəllüdlü Məmmədov Rəşad Telman oğlunun saxlanılması olub.
Oktyabr 23-də, saat 23:40 radələrində 1987-ci il təvəllüdlü Cavid Qaytıyev (ad-soyad şərti) və 1997-ci il təvəllüdlü Sənan Əhmədov (ad-soyad şərti) sözügedən restoranda yeyib-içiblər. Onlar restoranda təxminən bir saat oturduqdan sonra "Yapon" ləqəbi ilə tanınan Rəşad Məmmədov gələrək onların yanında əyləşib. Elə bu vaxt mülki geyimdə olan 5-6 polis əməkdaşı özlərini onlara təqdim edərək, Rəşad Məmmədovu kafedən aparmağa çalışıblar.
Bu zaman Cavid Qaytıyev polislərə maneçilik törətməyə başlayıb. O, əl-qol ataraq polisin qanuni tələbinə tabe olmayıb və öz hərəkətləri ilə Rəşad Məmmədovun hadisə yerindən qaçmasına şərait yaradıb. Bu səbəbdən polislər xidmətdə olan PPX-nin 6755 çağırışlı naryadını köməyə çağırıblar. Rəşad Məmmədov hadisə yerindən qaçsa da, PPX əməkdaşlarının köməyi ilə Cavid Qaytıyev və Sənan Əhmədov saxlanılaraq polis bölməsinə aparılıb.