Oktyabr ayının 20-də "De Fendo" Vəkil Bürosunda Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Pravda.az xəbər verir ki, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.
İclas gündəliyinə uyğun olaraq, Vəkillər Kollegiyasının Akademiyasının təsis olunması məsələsinə baxılıb. Rəyasət Heyəti tərəfindən müsbət qərar qəbul edilib. Eyni zamanda, Kollegiyanın üzvü, professor, hüquq elmləri doktoru Əmir Əliyevin Akademiyanın rəhbəri təyin edilməsi qərara alınıb.
Sonra beynəlxalq təcrübə nəzərə alınaraq, Kollegiyanın Aparat rəhbəri vəzifəsinin Baş katib adlandırılması məsələsinə baxılıb və bundan irəli gələn digər qərarlar verilib.
Həmçinin, iclasda Naxçıvan Dövlət Universitetinin müraciətinə baxılıb. Belə ki, cari ildə imzalanmış Memoranduma uyğun olaraq, təhsildə fərqlənən tələblər üçün fərdi təqaüdün ayrılması məqsədilə, Vəkillər Kollegiyası tərəfindən "Heydər Əliyev adına tələbə təqaüd proqramı” və "Sürəyya Ağaoğlu adına tələbə təqaüd proqramı” təsis edilib.