“Space” kanalının rəhbəri Vado Korovin məni qəbul edəndə dedi ki, Aytən xanım verilişi bağlayıram, mənə maqazin verilişi lazım deyil! Bəs nə oldu? Verilişi bağlayırdınız?! Yeni mövsümdən verilişin adını dəyişib Raksana İmirə həvalə etdiniz! “Space maqazin” adını “Space star”-a dəyişdilər! Həm də deyirdilər ki, veriliş reytinq vermir! Uşağım kimi böyüdüb, hamıya sevdirdiyim verilişimi əlimdən aldınız. Bağlansaydı deyərdim ki, normal haldır. Hazıra-nazir gəldiniz! Ədalətli Allah bunu belə qoyacaq? Əlbəttə ki, yox. Sadəcə zamanı var. Heç birinizə haqqımı halal etmirəm”.
Pravda.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aparıcı Aytən Leylaqızı deyib. O daha sonra əlavə edib.
“Mən “Space maqazin” verilişinə başlayanda bir bilsəniz veriliş nə gündə idi! Çəkiliş, məkan, aparıcı geyimləri bərbad vəziyyətdə idi. Zövqsüz, baxımsız bir haldaydı! Mən məkanı da, geyimləri də özüm tapdım. Redaktorum belə yox idi. Layihə rəhbərliyini edirdim, stendaplarımı özüm yazıb deyirdim, verilişin montajında belə otururdum. Bütün bunları səhmana salandan sonra veriliş gözəl reytinq verdi. Sonuncu efirə gedən verilişimə 5 reytinq gəlmişdi. Verilişdə bütün ulduzlarımızın müsahibələrini yayımlayırdıq. Xalq artisti Aygün Kazımova bəlkə də “Space” tv-yə sonuncu dəfə nə vaxt müsahibə verdiyini yadından çıxarmışdı. O tez-tez sevənləri ilə efirdən bizim verilişimiz vasitəsilə görüşürdü. Müxbirim Elman da güclü idi” deyə aparıcı xanım bildirib.