Oktyabr ayının 22-də saat 00:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Yardımlı rayonu Ostayır kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 2 nəfər naməlum şəxsin dövlət sərhədindən külli miqdarda narkotik vasitə keçirməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları odlu silahdan atəş açaraq sərhədçilərin həyatı üçün təhlükə yaradıb və təqibdən yayınmağa cəhd ediblər. Sərhəd naryadı sərhəd pozucularını zərərsizləşdirmək üçün əlbəyaxa döyüşə girib peşəkarlıq nümayiş etdirərək sərhəd pozucularını tərksilah etməyə nail olub.