İcra başçılarının həbs edilməsinin necə mürəkkəb olduğunu çoxlarından yaxşı bilirəm. Başqaları kimi “əşşi, nə var ki, tutub hamısını basmaq lazımdır” deyənlər kimi düşünmürəm. Əvvəllər də yazmışdım ki, Azərbaycanda elə bir zay idarəetmə sistemi qurulub ki, bir JEK müdirini tutanda ölkənin yarısı silkələnir. İndi təsəvvür edin, icra başçısının həbsindən sonra nələr baş verir?! Onların hər birinin balaları ən azından hüquq-mühafizə orqanlarında yüksək vəzifə tuturlar. Hələ bunların vəzifələrdə qardaş-bacıları, qohum-əqrəbaları, qudaları da var. İndi təsəvvür edin ki, bir icra başçısının tutulması, nə deməkdir?!
İllərdir elə-belə Ramiz Mehdiyev – Əli Həsənov cütlüyündən danışmırdım. Bu, hansısa şəxsi münasibətim ilə bağlı deyildi. Ramiz Mehdiyev bu günkü idarəetmənin arxitektoru- Xaç Atasıdır! Onun nə üçün bu səlahiyyətlər sahibi olmasını da çoxları bilir. Əli Həsənov isə idarəçilikdə ən mühüm sahə olan - ideoloji və təbliğat sahəsinə başçılıq edirdi. Əminəm ki, bu iki nəfər vəzifədən gedəndə “bu Azərbaycan dövlətçiliyinin idarə edilməsində dönüş nöqtəsidir” deməyimə lağ edənlər də mənim elə qəti fikir söyləməyimdə səhv etmədiyimin hələ çox şahidi olacaqlar.
Bu gün bir daha hamını gedən proseslərə dəstək olmağa çağırıram. Gedən proseslərin asan və maneəsiz davam edəcəyimi də düşünmək səhvdir. Bu prosesi durdurmağa hazırlaşan qruplar az deyillər və hələ də güc sahibidirlər. Bu dövrdə maksimum çalışıb stabilliyi qorumaq, hüquq-mühafizə orqanlarına yardımçı olmaq, vəziyyəti gərginləşdirməkdən qaçmaq lazımdır.