Azərbaycan Hava Yolları (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq prezidenti Cahangir Əsgərovun qardaşı oğlu Cəlal Əsgərovun şikayəti əsasında 4 avqust 2023-cü il tarixdə barəsində axtarış elan edilən, sentyabrın 30-da saxlanılaraq həbs olunan ekstrasens barəsində məhkəmə qərar verib. Pravda.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1977-ci il tarixdə Özbəkistan Respublikasında anadan olmuş "Katya" ləqəbli Ekaterina Aleksandrovna Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Aparılan araşdırma zamanı məlum olub ki, Ekaterina Aleksandrovna Cəlal Əsgərovla yanaşı, onun həyat yoldaşı Anastasiya Georqiyevnanı da ekstrasens fəaliyyəti ilə məşğul olmasına inandıraraq, ailə həyatında yaranmış çətinlikləri müxtəlif ayinlər keçirərək "şər qüvvələr"dən təmizləyəcəyinə dair vəd verib və etibarından sui-istifadə edib.
Cəlal Əsgərov evlilik həyatı davam edərkən işləri yaxşı getmədiyinə görə dostu Fəridin vasitəsi ilə ekstrasens Ekaterina Aleksandrovna ilə tanış olub. Eyni vaxtda Fəridin həyat yoldaşı Bilqeyis də Cəlalın xanımı Anastasiya Georqiyevnanı ekstrasenslə tanış edib.
"Katya” kimi də tanınan ekstrasens əvvəlcə Cəlala qurban kəsilməsi üçün 8 qoyun lazım olduğunu deyərək, hər bir heyvan üçün 120 manat olmaqla ümumilikdə 960 manat pul alıb. Ekstrasensin ifadəsinə görə, Cəlal ondan əmisi Cahangir Əsgərovla münasibətlərinin yaxşılaşması, sabiq AZAL prezidentinin yalnız ona dəstək olması, həmçinin qeyri-leqal işlərindən əmisinin xəbər tutmaması üçün rituallar icra etməyini xahiş edib. Həmçinin həyat yoldaşı Anastasiyanın bəd nəzərdən təmizlənməsini istəyib. Xanım ekstrasens müxtəlif vaxtlarda Cəlaldan 4 min dollar, 1300 manat və digər məbləğlərdə pul alıb.